Nuşirəvan Məhərrəmli: “Telekanallar şansdan yararlanmalıdırlar”
- 26.11.2013, 19:38,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərbaycan teleseriallarında sünilik, bayağılıq nisbətən azalıb”.
Bunu APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli söyləyib.
Nuşirəvan Məhərrəmli deyib ki, telekanallarımızda həm mövzu seçimi, həm də aktyorların fəaliyyətində öncəki illərə nisbətən irəliləyiş hiss olunur. Onun sözlərinə görə, “Xəzər” və ATV telekanallarında yayımlanan teleseriallarda bu irəliləyişlər müşahidə olunur: “Əvvəllər telekanallarımızdakı seriallardakı vəziyyət bizi çox narahat edirdi. İndi də müəyyən problemlər qalır. Ancaq əsas odur ki, irəliləyiş, dinamika hiss olunur. Biz hesab etmirik ki, Azərbaycanda birdən-birə bütün məsələləri həll edəcəyik, yüksək standartlara cavab verən seriallar çəkiləcək. Zamanla bu işlərin öhdəsindən gələcəyik”.
MTRŞ sədri telekanallara serialların çəkilişi ilə bağlı ayrılan vəsaitlərlə bağlı bir mexanizm hazırlandığını və məhz həmin mexanizm əsasında telekanallara vəsaitin ödəndiyini qeyd edib. İlk mərhələdə serialın çəkilişi üçün nəzərdə tutulan vəsaitin 30 faizi ödənilir. 30 faiz vəsaitlə bağlı bütün xərc maddələri üzrə sənədlər təqdim ediləndən, həmin teleserialın ən azı 4 seriyasının çəkilişi ilə bağlı bütün məsələlər həll ediləndən sonra ikinci mərhələ başlayır. İkinci mərhələdə isə vəsaitin 50 faizi ödənilir: “Yalnız “Space”, ATV və “Xəzər’ telekanalları ikinci mərhələyə başlayıblar. Digər telekanallar əsasən birinci mərhələdədirlər. Sonuncu mərhələyə gəlincə, telekanallar artıq serialları çəkib qurtarandan sonra biz teleserialın çəkilişi üçün nəzərdə tutulmuş 20 faiz vəsaiti də ödəyəcəyik. Hesab edirəm ki, noyabr və dekabr ayları teleserialların çəkilişi ilə bağlı ən sürətli aylar olacaq. Serialların çəkilişi uzun vaxt tələb edir, yaz, payız və qışda süjetlər çəkilir, bu, bir-iki ayın ərzində həll edilən məsələ deyil. Bu səbəbdən müəyyən çəkilişlər növbəti fəsillərə qalır. “Əli və Nino” romanı əsasında teleserialın çəkilişi üçün “Xəzər” telekanalına, “Aydın” pyesi ilə bağlı ATV telekanalına vəsait ayrılıb, telekanallar da artıq işlərə başlayıblar. Yəni getdikcə daha rəngarəng, fərqli mövzularda teleseriallarımız olacaq”.
Nuşirəvan Məhərrəmli MTRŞ-in telekanallarda teleserialların çəkilişi ilə bağlı nəzarətin əvvəlki illərə nisbətən ciddiləşdiyini də vurğulayıb: “Hazırda biz telekanalların qarşısına keyfiyyət parametrlərini qoymuşuq. Biz artıq xarici, xüsusən Türkiyə telekanallarındakı dinamikanı Azərbaycan telekanallarında da görmək istəyirik. Telekanallara serialların çəkilişi ilə bağlı dövlət tərəfindən vəsait ayrılır və telekanallar bu şansdan yararlanmalıdırlar. Telekanallar həmişə belə bir şans əldə etməyəcəklər. Azərbaycan dövlət başçısı televiziya kanallarının inkişafı, serialların çəkilişi üçün çox böyük jest edib. Telekanallar bu etimadı doğrultmalıdırlar”.
Nuşirəvan Məhərrəmli teleseriallarda çəkilən aktyorların yüksək qonorar almaq istədiklərini bildirib: “Ancaq bu gərək real vəziyyətlə uyğun olsun. Məsələn, Türkiyədə reklamın bir dəqiqəsi 40-50 min dollardır, buna uyğun da seriallarda çəkilən aktyorlara yüksək qonorar verirlər. Amma Azərbaycanda telekanallarda ən yüksək halda reklamın 1 dəqiqəsi 2-3 min manat civarındadır. Belə olan halda heç bir Azərbaycan telekanalı yüksək qonorar istəyən aktyorun tələbini ödəyə bilməz. Aktyorlar gərək reallıqla barışsınlar. Hesab edirəm ki, son 2-3 il ərzində Azərbaycanda kino sahəsində əmək haqlarının artırılmasında da böyük irəliləyişlər olub. Həm aktyorların, həm ssenaristlərin, həm operatorların əməkhaqqında irəliləyiş hiss olunur”.