Müdafiə nazirinin şimal bölgəsinə səfəri ilə bağlı rəsmi məlumat yayılıb

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov şimal bölgəsində yerləşən hərbi hissələrə səfər ediblər.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissənin ərazisindəki Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyaraq, ehtiramlarını ifadə ediblər.

Sonra hərbi hissədəki qərargah binası, əsgər yataqxanası, tibb məntəqəsi, yeməkxana və məişət kompleksinə baş çəkilib, mövcud vəziyyətlə tanış olunub, əsgər və zabitlərlə görüşlər keçirilib. Bölmələrin döyüş qabiliyyəti, əsgərlərin mənəvi-psixoloji durumu və onların sosial şəraiti, zabit və gizir heyətinin hazırlıq səviyyəsi, hərbi birləşmələrin maddi-texniki təchizatının vəziyyəti öyrənilib.

Müdafiə naziri döyüş hazırlığının və nizam-intizamın gücləndirilməsi, silah-sursatla, hərbi texnika ilə davranışda təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması və sağlamlıqlarına diqqətin artırılması, o cümlədən hərbi hissələrin ərazisində aparılan quruculuq işlərinin davam etdirilməsi ilə əlaqədar tapşırıqlar verib.
Şərhlər
Sosial bölməsinin xəbərləri