Prezident milli mədəni irs obyektlərinin Azərbaycandan qanunsuz çıxarılmasına görə cərimələrin artırılmasını təsdiqləyib
- 28.11.2013, 01:21,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan prezidenti İlham Əliyev milli mədəni irs ilə bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiq edib.
APA-nın məlumatına görə, layihəyə əsasən mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlərinin Azərbaycan ərazisindən qanunsuz aparılmasına görə fiziki şəxslər min beş yüz manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə edilir.
Mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə görə fiziki şəxslər min beş yüz manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə edilir. Mədəni və təbii irsin, o cümlədən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə xəbərdarlıq edilir və ya fiziki şəxslər əlli manatdan yüz manatadək miqdarda, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək miqdarda, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir.
Qeyd edək ki, dəyişikliyə qədər tarix və mədəniyyət abidələrinin qorunması və onlardan istifadə qaydalarının pozulmasına görə xəbərdarlıq və ya on beş manatdan qırx manatadək miqdarda cərimə nəzərdə tutulurdu. Bu Məcəllənin 74.3-cü maddəsində nəzərdə tutulmuş xətanın 1 il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər beş yüz manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir. Bu Məcəllənin 74.1-74.3-cü maddələri, həmin maddələrdə göstərilən əməllər Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.