Bu il ərzində Bakıda 122 mindən çox piyadaya inzibati protokol yazılıb
- 28.11.2013, 17:02,
- Cəmiyyət / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Respublikada olan avtomobillərin 62% -i paytaxtın payına düşür.
Bakı Şəhər Dövlət Yol Polisi idarəsi (BŞDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, bu gün BŞDYPİ, Jurnalistika və İnkişaf Mərkəzi və «Digesta» Hüquq Firmasının təşkilatçılığı ilə Bakı Dövlət Sosial İqtisad Kollecinin müəllim və tələbə kollektivi ilə görüşü keçirilib. Görüşün keçirilməsində məqsəd yol hərəkətində təhlükəsizliyin təmin edilməsinə dair təbliğat işlərinin aparılması, yol qəza hadisələri, onların təhlili və aradan qaldırılması yollarının müzakirəsi, eləcə də mövcud vəziyyət və şəraitlə əlaqədar sualların cavablandırılması olub
Tədbirdə BŞDYPİ-nin və Apa.TV-nin birgə hazırladığı Ümumdünya yol qəza qurbanlarının anım gününə həsr olunmuş film də nümayiş olunub.
BŞDYP-nin bölmə rəisi V. Əsədov bildirib ki, bu il yanvarın 1-dən bu günədək Bakı şəhəri ərazisində 122 mindən çox piyadaya inzibati protokol yazılsa da, hələ də piyadaların keçidlərdən istifadəsi sahəsində problem var. Onun sözlərinə görə, ötən il bu rəqəm 70 min olub: “Bundan əlavə, ötən il ümumi yol qəzalarının 52 faizi piyada vurmalarla bağlı idisə, bu il bu rəqəm 35 faizə düşüb. Ölkə üzrə qeydə alınan yol qəzalarının 30 faizi paytaxt Bakının payına düşür. Onun sözlərinə görə, qeyd olunan müddət ərzində sürücülərə qarşı tətbiq olunan protokolların sayı 600 mini keçib. Amma elə sürücülər var ki, il ərzində 4-5 dəfə qayda pozuntusu törədərək məsuliyyətə cəlb olunurlar. Bu gün Azərbaycanda 1 milyon 200 min avtomobil qeydiyyatdadır. Onun da 62 faizi paytaxtın payına düşür ki, bu da istər-istəməz tıxacların yaranmasına səbəb olur. Yol polisi bu problemlə bağlı intensiv tədbirlər görür”.
Tədbirdə çıxış edən Apa.TV-nin «Qoşa xətt» verilişinin aparıcısı, Jurnalistika və İnkişaf Mərkəzinin sədri Elməddin Muradlı bildirib ki, hər il yol qəzalarında 1000-dən artıq insanın həlak olması faciədir. Bundan çıxış yolu kimi aidiyyatı qurumlarla yanaşı, vətəndaşların da üzərinə iş düşür: «Bu da qaydaları öyrənməkdən və onlara əməl etməkdən ibarətdir. Biz burada tələbələrlə görüşürük. Statistikaya nəzər salsaq, görərik ki, qayda pozduğu üçün cərimə olunan tələbələrin sayı az deyil”.