Azərbaycanın internet istifadəçilərinə xəbərdarlıq

Azərbaycanın internet istifadəçilərinə xəbərdarlıq ADSL modemlərinin istismar qaydalarının pozulması yanğınların baş verməsinə səbəb ola bilər. Bu barədə Trend-ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin baş direktorunun müavini Xankişi Kişiyev bildirib.

X.Kişiyevin sözlərinə görə, təəssüf ki, istifadəçilərin bir çoxu bu cihazın istismarı qaydalarına riayət etmir və əksər hallarda ADSL modemləri günün 24 saatı şəbəkədən ayrılmır: "Biz modemlərdən yalnız zəruri hallarda istifadə etməyi tövsiyə edirik. Yadda saxlamaq lazımdır ki, yanğının qarşısını əvvəlcədən sadə təhlükəsizlik qaydalarını yerinə yetirməklə almaq mümkündür. Bu gün ADSL modemlərinin təxminən 40 faizi internet istifadəçiləri tərəfindən günün 24 saatı işlək vəziyyətdə qalır. Bu öz növbəsində şəbəkənin yüklənməsinə səbəb olur. Ümumilikdə, texniki təhlükəsizliyə görə, evdən çıxarkən bütün elektrik cihazlarını şəbəkədən ayırmaq lazımdır. Bu həm də elektrikə enerjisinə görə vəsaitlərə qənaətdir".

Onun sözlərinə görə, habelə ADSL modemlərinin digər elektrik cihazlarından, məsələn soyuducudan və kondisionerdən uzaqda quraşdırılması da vacibdir. Çünki bu, şəbəkədə pulsasiya yaradır.

X.Kişiyevin fikrincə, simsiz modemlərin elektromaqnit təsiri də az əhəmiyyətli məsələ deyil: "Simsiz internet şüalanmaya malik olsa da, həmin tip mobil telefonlarla müqayisədə açıq təhlükə yaratmır. Bununla belə, bilavasitə çıxış nöqtəsinin yanında uzun müddət olmaq tövsiyə edilmir. Sözsüz ki, başqa telekommunikasiya avadanlıqları kimi, modemlər də qüvvədə olan dünya standartları əsasında istehsal edilir. Bununla yanaşı, qurğu Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin laboratoriyasında təkrar yoxlama və sertifikatlaşma prosedurundan keçirilir".

X.Kişiyevin sözlərinə görə, cihazın tələb olunan göstəricilərə uyğun gəlmədiyi hal aşkara çıxdıqda uyğunluq sertifikatı verilə bilməz. Nazirliyin yekun rəyindən sonra telekommunikasiya avadanlığının, mobil telefonların və digər istehlak qurğularının gətirilməsinə icazə Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilir.

Bu texnikaların yaradıldığı və və təkmilləşdirildiyi inkişaf etmiş ölkələrdə istehsalçılara bu sahədə ən sərt tələblər irəli sürülür. İldən-ilə bu tələblər daha da sərtləşdirilir. Mobil texnologiyaların ətraf mühitə və ilk növbədə, insan sağlamlığına mənfi təsirini minimallaşdırmaqdan ötrü texnologiyalar daim təkmilləşir, telekommunikasiya avadanlığının istehsalçıları daim öz üzərlərində işləyirlər.
Şərhlər
İnternet bölməsinin xəbərləri

İnstagram"dan yenilik

  • 13 фев, 09:51