Almaniya hökuməti Azərbaycana 370 milyon avroya qədər güzəştli kredit verəcək
- 28.11.2013, 17:08,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Azərbaycan hökuməti və Almaniyanın federal hökuməti arasında "2008-2012-ci illərdə razılaşdırılmış layihələr üzrə maliyyə əməkdaşlığı haqqında saziş" imzalanıb.
Azərbaycan Maliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, maliyyə naziri Samir Şərifov və Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Haydrun Tempelin imzaladığı sazişə əsasən, Almaniyanın federal hökuməti "KfW" bankı vasitəsilə Azərbaycana 370 milyon avroya qədər güzəştli kredit verəcək.
Hökumətlərarası sazişə əsasən, bu vəsaitin böyük hissəsi (220 milyon avro) "Kommunal infrastruktur proqramı" və bununla da Gəncə və Şəki şəhərlərində əhalinin su təchizatının yaxşılaşıdırılması ilə bağlı proqram üçün nəzərdə tutulub. Eyni zamanda, "Bərpa edilən enerji və enerji səmərəliliyi üzrə açıq proqram" layihəsi üçün 130 milyon avro, "Tullantıların ekoloji baxımdan təmiz idarə olunması proqramı" üçün isə 20 milyon avro ayrılacaq.
Sözügedən saziş "KfW" bankına Azərbaycan Maliyyə Nazirliyi ilə müvafiq ssuda və maliyyələşdirmə müqavilələrini bağlayaraq, xüsusilə, Gəncə və Şəki şəhərlərində su təchizatı layihəsinin növbəti mərhələyə keçməsinə imkan yaradır.
İmzalanma mərasimində qeyd olunub ki, Almaniya və Azərbaycan 1993-cü ildən etibarən maliyyə əməkdaşlığı sahəsində uğurlu və qarşılıqlı etimad ruhunda əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində Almaniyanın federal hökuməti birgə layihələri, o cümlədən Gəncə və Şəki şəhərlərində əhalinin su təchizatının və çirkab suların axıdılmasının yaxşılaşıdırılması, tullantıların ekoloji baxımdan təmiz idarə olunması və Gəncədə vahid kadastr siseminin təkmilləşdirilməsi layihələrini dəstəkləyir. Bundan başqa, tərəflər bərpa edilən enerji və ətraf mühitin mühafizəsi, habelə maliyyə sahələrində birgə əməkdaşlıq edirlər.