Milli Məclisin deputatları "Bakı" klubunun İspaniyanın "Atletiko" (Madrdi) və "Fransanın "Lans" klubları ilə əməkdaşlığına münasibət bildiriblər.
Trend-in məlumatına görə, deputat Aqil Abbas mətbuata açıqlamasında arasında qurulan bu münasibətlərin futbolumuzun inkişafına göstərəcəyi xidmətdən danışıb və bunu ölkəmizin Avropa və dünyada tanınması istiqamətində atılan böyük addım hesab etdiyini bildirib.
"Mən bu əməkdaşlığı çox yüksək qiymətləndirirəm. Türkiyə kimi ölkələr də belə əməkdaşlığa önəm verirlər. Bu gün "Atletiko" və "Lans" klublarının üzərində Azərbaycanın adı yazılan forma ilə meydana çıxması ölkəmizin Avropada və dünyada ən yaxşı təbliğidir. İndi isə artıq onların formasında "Baku-2015" yazılacaq. Gənc futbolçularımızın İspaniya və Fransa kimi ölkələrin futbol akademiyalarında təhsil almaları Azərbaycan futbolunun gələcəyi üçün atılan böyük addımdır. Bu, kiçik iş deyil".
Millət vəkili bütün bu işləri həyata keçirən iş adamı, "Bakı" klubunun prezidenti Hafiz Məmmədovun əməyini yüksək qiymətləndirib: "Əgər iş adamı pulunu boş şeylərə yox, bu cür əməllərə xərcləyirsə, sağ olsun. Belə insanları alqışlamaq, dəstəkləmək lazımdır. Təəssüf ki, son günlər Hafiz Məmmədov haqqında xoşagəlməz yazılara rast gəldim. Yaxşı işlər görən bir insanın əməllərinə kölgə salmaq olmaz. Mən bunları qəbul edə bilmirəm. Onu da nəzərə almaq lazımdır ki, əleyhimizə bir mövzu olan kimi bütün Avropa mətbuatı yazmağa başlayır. Əgər bir iş adamımız Azərbaycanın idmanına, mədəniyyətinə xidmət edirsə, ona ancaq dəstək olmalıyıq".
Aqil Abbas Azərbaycanın İspaniya və Fransa kimi ölklələrdə tanıdılmasının siyasi əhəmiyyətindən də danışıb: "Sizə bir faktı danışmaq istəyirəm. "Atletiko" bütün oyunlarında qapının arxa tərəfində bir erməni bayrağı asılırdı. Ermənilər bunu acıqlarından edirdilər. Çünki "Atletiko" futbolçularının forması üzərində Azərbaycan sözü yazılırdı. Son 2-3 oyunda həmin erməni bayrağını görmürəm. "Lans"la əməkdaşlıqdan sonra Fransa kimi ölkədə də bu gün bayrağımız dalğalanır".
Milli vəkili Fazil Mustasa isə qeyd edub ki, İspaniyanın "Atletiko" (Madrdi) və "Fransanın "Lans" klublarında Azərbaycanın reklam olunması faydalıdır, müsbətdir. Onun sözlərinə görə, bu cür təbliğat həm iqtisadi, həm də siyasi cəhətdən faydalıdır: "Bu təbliğat dünya arenasında ölkənin həm də imkanları, gücünü nümayiş etdirən cəhətlərdir".
F.Mustafanın fikrincə, Azərbaycanın dünyanın idman arenasında təbliği ölkəmizin turizm sahəsinin inkişafına böyük töhfədir.
Onun sözlərinə görə, "Atletiko" və "Lans" kimi komandalarının oyununda stadionlarda Azərbaycan bayrağının dalğalanmasının öz xüsusi siyasi yükü var: "Hər hansı şəxs bu işi üzərinə götürürsə, bu, alqışlanmalıdır".
Millət vəkili hesab edir ki, ölkə adının tanıtımı ilə yanaşı gələcəkdə həm də hansısa bir sahənin istiqamətləri reklam olunmalıdır. Məsələn Türk Hava Yolları, Qətər Hava Yolları. Yəni o sahələrki, orada müəyyən dərəcədə ölkənin müəyyən büdcəsinə daxil ola biləcək gəlirlərin beynəlxalq arenada nüfuzunun artması ilə daha artıq olması gerçəkləşir.
Deputat Siyavuş Novruzov isə bildirib ki, Hafiz Məmmədovun dəstəyi ilə "Bakı"nın "Atletiko" (Madrid) və "Lans"la əməkdaşlığının əhəmiyyəti böyükdür: "Atletiko" kimi bir klubun Azərbaycana gəlməyinin özü futbolumuzun inkişafına böyük xeyri var. Həm gəclərin futbola meylinin artması, o cümlədən qarşılıqlı əlaqələr, təcrübə mübadiləsini aparılması həqiqətən vacibdir və hesab edirəm ki, bu işlər davam olunmalıdır. Hərdən görürük ki, bəzi mətbuat orqanlarında görülən bu işlərin əleyhinə yazılar gedir. Bunlar hamısı qərəzli yazılar hesab edirəm. Bu cür əlaqələri nə qədər çox qurmaq imkanımız olacaqsa, o qədər futbolumuz inkişaf edəcək".
S.Novruzov bildirib ki, bu gün Azərbaycanda dövlət tərəfindən idmana böyük diqqət var: "Xeyli sayda uşaq futbol məktəbi açılıb. Digər klublar da "Bakı" klubuna baxıb, istiqamət götürür və uşaq futbolunu inkişaf etdirir".