Bakıda natəmiz suyu uşaqlara içirtməyə cəhd edən tərbiyəçini qanunsuz olaraq işə götürən uşaq bağçasının müdirəsi vəzifəsindən azad edilib

Bakı şəhərində fəaliyyət göstərən uşaq bağçaları və körpələr evlərində uşaqların və işçilərin qəbulu, təzə və təravətli ərzaqla təmin olunması sahəsində baş verə biləcək hər hansı neqativ halların qarşısının alınması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ardıcıl tədbirlər və yoxlamalar həyata keçirilib və bu sahədə baş verən qanunsuzluqların və neqativ halların aradan qaldırılması məqsədi ilə ciddi ölçülər götürülüb. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin məlumatında deyilir.

Trend-ə daxil olan məlumatda qeyd olunur: "Məlum olduğu kimi, Prezident İlham Əliyevin 27.11.2011 tarixli sərəncamı ilə uşaq bağçaları və körpələr evlərinin idarə olunması Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildikdən sonra bu sahədə böyük işlər həyata keçirilib. Dövlət başçısının xüsusi diqqət və qayğısı, Heydər Əliyev Fondunun təşəbbüskarlığı və himayədarlığı sayəsində Bakı şəhərində fəaliyyət göstərən uşaq bağçaları və körpələr evlərində son illərdə görülən yüksək səviyyəli əsaslı təmir işləri və müasir avadanlıqlarla təchizatı, Nazirlər Kabinetinin 02.10.2012-ci il tarixli 218 saylı qərarı ilə təsdiqlənmiş məktəbəqədər təhsil müəssisələrinin nümunəvi nizamnaməsinə əsasən müəyyən edilmiş körpə yaşlı uşaqlar üçün qruplarda 15, bağça yaşlı qruplarda isə 20 nəfər olmaqla gün ərzində dörd dəfə uşaqların təzə və təravətli ərzaqla təmin edilməsi uşaq bağçaları və körpələr evlərinə marağın artmasına səbəb olub. Belə ki, əvvəllər dövlət tərəfindən maliyyələşən uşaq bağçalarına uşaqların cəlb olunması problemi ilə üzləşirdiksə, indi isə əksinə, dövlət uşaq bağçaları və uşaq evlərinə böyük maraq və güclü axın yaranıb".

Qeyd olunur ki, lakin bu gün Bakı şəhərində fəaliyyət göstərən uşaq bağçalarında təlim-tərbiyə almaq istəyən uşaqların tələbatının bir hissəsinin ödənilməsi, uşaq bağçaları və körpələr evinin müvəqqəti azlığı uşaqların bağçalara qəbulunda obyektiv və subyektiv səbəblərdən müəyyən çətinliklər və problemlər yaratmaqdadır. Təəssüf hissi ilə qeyd olunmalıdır ki, bundan istifadə edən bəzi bağça müdirləri öz şəxsi maraqlarını hər şeydən üstün tutaraq uşaqların bağçalara normativə uyğun qəbulunda müəyyən problemlər yaratmaqla qanunsuzluqlara yol verirlər:

"Bununla əlaqədar olaraq Bakı şəhərində fəaliyyət göstərən uşaq bağçaları və körpələr evlərində uşaqların və işçilərin qəbulu, təzə və təravətli ərzaqla təmin olunması sahəsində baş verə biləcək hər hansı neqativ halların qarşısının alınması məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən ardıcıl tədbirlər və yoxlamalar həyata keçirilib və bu sahədə baş verən qanunsuzluqların və neqativ halların aradan qaldırılması məqsədi ilə ciddi ölçülər götürülüb, müxtəlif cəza tədbirləri görülüb. Məhz bunun nəticəsində işdə yol verdikləri nöqsan və çatışmazlıqlara görə onlarla müdir və işçilər işdən kənarlaşdırılıb, bir qisim işçilər barəsində isə ciddi intizam-tənbehi görülüb. Lakin bu sahədə aparılan ciddi iş və görülən məqsədyönlü tədbirlər sayəsində yüksək nəticələr əldə olunmasına baxmayaraq, hələ də yerlərdə müəyyən nöqsanlara yol verilməsi halları müşahidə olunmaqdadır. Belə ki, son günlərdə Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 281 saylı uşaq bağçasında ciddi qanun pozuntusuna yol verilməsi barədə daxil olub, məlumat tərəfimizdən reaksiyaya səbəb olub və Bakı Şəhər İcra Hakimiyyətinin başçısının şəxsən iştirakı ilə müvafiq komisiya tərəfindən araşdırma həyata keçirilib".

Araşdırma zamanı müəyyən edilib ki, 281 saylı uşaq bağçasının müdirəsi Məlahət Rəhimova məsuliyyətsizlik və səhlənkarlıq göstərərək heç bir əmək müqaviləsi bağlamadan vətəndaş Sevinc Ağazadənin guya sınaq müddəti ilə iyun ayından sentyabr ayına qədər olan müddətə həmin bağçada qanunsuz işləməsinə şərait yaradıb, bununla da uşaq müəssisələrinə aidiyyəti olmayan vətəndaşların girişinin qadağan olunması barədəki göstərişin tələblərini ciddi şəkildə pozub. Həmin qanunsuz tərbiyəçilik edən şəxs işə qəbul olmaq üçün bağça müdirəsinə təsir etmək məqsədilə qəsdən bağçanın mətbəxində sanitar-gigiyenik qaydalara riayət etmədən, sterilizə olunmamiş suyu krantdan birbaşa azyaşlı uşaqlara içirtməyə cəhd edərək bunu öz telefonu vasitəsilə kameraya çəkib, sonradan isə bu videogörüntülərin kütləvi informasiya vasitələrində yayılmasına nail olub.

Eyni zamanda araşdırma zamanı həmin bağçanın müdirəsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi hallarına yol verməsi ortaya çıxıb ki, nəticədə bağça müdirəsi M.Rəhimova dərhal işdən azad edilib və baş vermiş qanunsuzluqlar barədə sənədlər toplanıb hüquqi qiymət verilməsindən ötrü prokurorluğa göndərilməsi ilə bağlı qərar qəbul edilib.

BŞİH-in məlumatında deyilir: "Uşaqlar xalqımızın ən böyük sərvəti, millətimizin, dövlətimizin sağlam və işıqlı gələcəyidir. Sağlam gələcəyimiz naminə Bakı Şəhər İcra Hakimiyyəti adından sizlərə müraciət edirik: Uşaq bağçaları və körpələr evlərinin bütün təminatı dövlətimiz tərəfindən yüksək səviyyədə həyata keçirildiyindən uşaq bağçalarına kənar ərzaq məhsullarının gətirilməsi, normadan artıq uşaqların bağçaya qəbul edilməsi və kənar şəxslərin bağçalara daxil olması qəti qadağandır. Bakı şəhərində fəaliyyət göstərən uşaq bağçalarında və körpələr evlərində baş vermiş hər hansı qanunsuzluq və neqativ hallara rast gəlindiyi halda bunlara göz yummadan yazılı şəkildə dərhal Bakı Şəhər İcra Hakimiyyətinə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etməyiniz tövsiyə olunur.
Qəti əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bilavasitə dəstəyi və himayəsi ilə uşaq bağçaları və körpələr evində təlim-tərbiyə almaq istəyən uşaqların sayının tələbata uyğunlaşdırılması məqsədi ilə Bakı şəhərində bağça və uşaq evlərinin təmiri daha da sürətləndirilib, bağça və uşaq evlərində məskunlaşmış qaçqın və məcburi köçkünlərin yeni mənzillərlə təmin olunmasını nəzərə alaraq boşaldılmış bağçaların təmirinə rəvac verilib və yeni bağçaların tikintisinə başlanılıb. Əminik ki, qısa zaman kəsiyində uşaq bağçalarına və uşaq evlərinə olan tələbatın ödənilməsinə və məktəbəqədər təhsil müəssələrində təhsil və təlim-tərbiyənin səviyyəsinin daha da yüksəldilməsinə və bu sahədə şəffaflığın tam təmin olunmasına nail olacağıq".
Şərhlər
Hadisə bölməsinin xəbərləri