Fransa şirkətləri Azərbaycanda dəmiryol nəqliyyatının inkişafında iştirak etmək niyyətindədirlər

Fransa şirkətləri Azərbaycanda dəmiryol nəqliyyatının inkişafında iştirak etmək niyyətindədirlər Fransa şirkətləri Bakıdan 365 kilometr qərbdə yerləşən Gəncə şəhərində tramvay xəttinin yaradılmasına maraq göstərirlər. Trend-in məlumatına görə, bu barədə noyabrın 26-da Bakıda keçirilən Azərbaycan-Fransa hökumətlərarası iqtisadi komissiyasının yeddinci iclasının yekun protokolunda deyilir.

Protokola görə, bundan başqa, Fransa şirkətləri Bakı Metropoliteni xətlərinin tikintisində, siqnal sisteminin yaradılmasında və onun digər avadanlıqlarla təchiz olunmasında iştirakda maraqlıdırlar.

Fransanın "Alstom" və "Thales" şirkətləri "2010-2014-cü illərdə Azərbaycanda dəmiryol nəqliyyatı sisteminin inkişafı üzrə Dövlət Proqramı"nın reallaşdırılması çərçivəsində müasir siqnal sistemlərinin və dəmiryol nəqliyyatının təmin olunmasına davamlı maraqlarını da qeyd ediblər.

Eləcə də tərəflər hökumətlərarası komissiyanın iclası zamanı Azərbaycanla Fransa arasında beynəlxalq avtomobil daşımaları üzrə sazişin, eləcə də bu sazişin reallaşdırılması üzrə protokolun imzalanması prosesinin sürətləndirilməsi üçün bütün lazımi tədbirlər görülməsinin zəruriliyini qeyd ediblər.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri