Ukrayna müxalifətinin çağırışı ilə yüz minlərlə insan Kiyev küçələrinə çıxıb
- 01.12.2013, 17:12,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ukrayna müxalifətinin çağırışı ilə yüz minlərlə insan noyabrın 30-na keçən gecə Müstəqillik Meydanında tələbələrin dinc aksiyasının dağıdılmasına etirazlarını bildirmək və avrointeqrasiya kursunu dayandıran hökuməti istefaya səsləmək üçün paytaxt Kiyevdə küçələrə çıxıb.
APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarından başlayaraq paytaxt sakinləri və qərb regionlarından gələn müxalifət tərəfdarları Kiyevin mərkəzi prospekt və meydanlarını doldurmağa başlayıb.
Mixaylovsk meydanı, Taras Şevçenko parkı və başqa istiqamətlərdən çoxlu sayda insan cərgələrlə Müstəqillik Meydanına doğru yürüşə başlayıb. Yürüşün əsas cərgəsinə müxalifət liderləri Vitali Kliçko, Arseni Yasenyuk, Oleq Tyaqnibok və Yuri Lusenko başçılıq edib. Yürüşçülərə Avropa Parlamentinin vitse-prezidenti Yasek Protasoviç, Avropa Parlamentinin keçmiş prezidenti Yeji Buzek, Polşanın “Qanun və Ədalət” Partiyasının lideri, sabiq baş nazir Yaroslav Kaçinski də qoşulub.
Müstəqillik Meydanında (Maydan Nezalejnosti) məhkəmə tərəfindən mitinqlərin qadağan olunmasına baxmayaraq, insan seli maneəsiz şəkildə meydana daxil olub. Bu zaman meydandakı milis əməkdaşları qaçmağa başlayıb. Kütlə milislərin meydanın ətrafına düzdüyü metal maneələri kənara atıb. Mitinqçilər yolkanın metal konstruksiyasının yuxarısına Avropa Birliyinin bayrağını asıblar. İnsanlar “İnqilab!” deyə qışqırır.
Yuliya Timoşenkonun liderlik etdiyi “Batkivşina” (Vətən) Partiyası Kiyev küçələrinə təxminən yarım milyon insanın toplaşdığını açıqlayıb.
Müstəqillik Meydanında başlayacaq mitinqdə müxalifət liderləri və ictimai xadimlər çıxış edəcəklər. Müxalifətin sonrakı addımları mitinq zamanı elan olunacaq.