Bakıda yol polisinə müqavimət göstərmiş şəxslərlə bağlı araşdırma aparılır

Azərbaycan hüquq-mühafizə orqanları Bakı şəhərində yol polisinə müqavimət faktı ilə əlaqədar araşdırmalara başlayıb.


Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində aparılan ilkin araşdırmalarla «Mersedes» markalı 90 FU 175 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü və qeyriləri tərəfindən xidməti vəzifəsini yerinə yetirən Bakı şəhər Baş Polis İdarəsinin Yol-Patrul Xidməti inspektoru Saməddin Eyvazova qarşı qanunazidd hərəkətlərə yol verilməsi müəyyən edilib.



Belə ki, cari il mayın 3-də yol polisi əməkdaşı S.Eyvazov xidmətdə olarkən saat 21:30 radələrində qeyd edilən avtomobilin Neftçilər prospektində avtobus dayanacağında dayandığını görərək həmin avtomobilə yaxınlaşıb. Yol nişanlarının tələblərini pozduğuna və nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün S.Eyvazov sürücüdən avtomobilin açarlarını alaraq sükan arxasına əyləşib. Bu zaman dörd nəfər ona yaxınlaşaraq avtomobili sürücüsünə qaytarmağı tələb edib. S.Eyvazov xidməti vəzifəsini yerinə yetirdiyini bildirərək onların tələbini rədd etdikdə həmin şəxslər onu yumruqla vuraraq hadisə yerindən qaçmışlar. S.Eyvazov maşından düşərək onunla birlikdə xidmət aparan polis əməkdaşı Qədir Bədirxanov və ərazidə xidmət göstərən Post-Patrul Xidməti əməkdaşlarının birgə səyi nəticəsində avtomobilin sürücüsü Habil Məmmədov və Nicat adlı şəxs saxlanılıblar.



Xəsarət almış polis əməkdaşı S.Eyvazov müayinə edilməsi üçün məhkəmə-tibb ekspertizasına göndərilib. Material üzrə S.Eyvazov, sürücü H.Məmmədov və hadisənin digər şahidlərinin izahatları alınaraq toplanmış material araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə Səbail rayon prokurorluğuna göndərliib.



Hazırda material üzrə müvafiq araşdırmalar davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri