Azərbaycan prezidenti: “Əhalinin 70 faizi internet, onların yarısı isə genişzolaqlı internetdən istifadə edir”
- 02.12.2013, 14:26,
- Iqtisadiyyat / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan prezidenti İlham Əliyev “BakuTel-2013” 19-cu Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransının iştirakçılarına təbrik məktubu göndərib.
APA-nın xəbərinə görə, məktubda bildirilir ki, iqtisadi və sosial sahələrin bütün istiqamətlərində davamlı artım tempinə nail olan Azərbaycan İKT sahəsində də dünyanın sürətlə inkişaf edən ölkələri səviyyəsinə yüksəlib. Respublikada İKT cəmiyyətin həyatına dərindən nüfuz edib. Əhalinin 70 faizi internet, onların yarısı isə genişzolaqlı internetdən istifadə edir. Ən yeni texnologiyaların tətbiqi və rəqəmli televiziya yayımı uğurla həyata keçirilir, sahə üzrə investisiya qoyuluşu və özəl sektorun fəaliyyəti ildən-ilə genişlənir.
Prezident qeyd edib ki, Azərbaycanın tarixi nailiyyətlərindən biri olan “Azerspace-1” ilk milli telekommunikasiya peykinin orbitə çıxarılması, eləcə də informasiya texnologiyaları üzrə universitetin və dövlət fondunun, “Yüksək Texnologiyalar Parkı”nın yaradılması, stimullaşdırıcı tədbirlərin tətbiqi ölkədə təbii sərvətlərə əsaslanan iqtisadiyyatdan innovativ və texnoloji tutumlu iqtisadiyyata keçidin təmin edilməsinə möhkəm zəmin yaradır: “Azərbaycanın BMT Baş Assambleyasının 67-ci sessiyasında Avrasiya Rabitə Alyansının təsis edilməsi ilə bağlı təklifinin bəyənilməsi barədə qətnamənin qəbul edilməsi ölkəmizin beynəlxalq İKT çağırışlarının həyata keçirilməsinə dünya ölkələrinin artan dəstəyinin bariz təzahürüdür. Azərbaycanda hər il keçirilən “BakuTel” beynəlxalq sərgi və konfransı müxtəlif ölkələri təmsil edən təşkilatların, alim və mütəxəssislərin bir araya gələrək öz ideyalarını bölüşməsi, işgüzar əlaqələri genişləndirməsi, qabaqcıl texnoloji nailiyyətlər və yeniliklərlə tanış olması üçün əlverişli imkan yaradır. Builki sərgi və konfransın ölkəmizdə elan edilmiş “İKT ili” çərçivəsində keçirilməsi, onun proqramına kibertəhlükəsizlik üzrə konfransın və digər mötəbər tədbirlərin daxil edilməsi, aparıcı şirkətlərin daha geniş təmsil olunması bu sərgi və konfransın əhəmiyyətini daha da artırır”.
Sonda dövlət başçısı dərgi və konfransın işinə uğurlar arzulayıb.