Avropa Azərbaycan Cəmiyyətinin yaranmasının 5-ci ildönümü Böyük Britaniya Xarici İşlər Nazirliyində qeyd edilib
- 04.12.2013, 19:58,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dekabrın 3-də Avropa Azərbaycan Cəmiyyətinin (AAC) yaranmasının 5-ci ildönümü münasibətilə Böyük Britaniya Xarici İşlər Nazirliyinin "Locarno Suite" zalında - 1925-ci ildə Locarno Müqaviləsinin imzalandığı məkanda təntənəli mərasim keçirilib.
AAC-dan APA-ya verilən xəbərə görə, mərasimdə 300-dən çox qonaq, millət vəkilləri, diplomatlar, iş adamları və Azərbaycanın dostları iştirak edib.
Tədbirin açılışını Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter edib. Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov çıxışında Azərbaycan Demokratik Respublikasının 1918-20-ci illərdə əldə etdiyi nailiyyətlərdən, bütün qadınlara Böyük Britaniyadan 10 il əvvəl seçmə və seçilmə hüququnun verilməsindən danışıb: “Müasir dövrün ən önəmli hadisəsi prezident Heydər Əliyevin səyləri nəticəsində 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”dir. Bu müqavilə keçmiş sovet xaosundan sonra ölkədə sabitliyin yaranmasına səbəb oldu. Prezident İlham Əliyev iqtisadiyyatı gücləndirməklə və ölkənin infrastrukturunu dəyişdirməklə bu siyasəti davam etdirir”.
T. Heydərov qeyd edib ki, AAC beş ildir ki fəaliyyət göstərir və altı ölkədə nümayəndəliyi var: “Təşkilat Azərbaycan mədəniyyətini tanıdır və ölkəmizlə Avropa arasındakı ticarət və investisiyalar üçün şərait yaradır. Cəmiyyət Azərbaycanın dini dözümlülüyünü işıqlandırır və Qərbin Azərbaycanın Kosovo, İraq və Əfqanıstanda keçirilən sülhməramlı əməliyyatlardakı dəstəyini dərk etməsini təmin edir. AAC həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu işıqlandırır. Bunun əvəzində, biz Qərbdən Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən bir milyon qaçqın və məcburi köçkünü unutmamağı, bizə beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Ermənistanla münaqişənin diplomatik həll yolunu tapmaqda kömək etməsini xahiş edirik. AAC ölkəsinin nailiyyətləri ilə fəxr edir. Əlbəttə, ölkə barəsində neqativ məqamları işıqlandırmağı qarşısına məqsəd qoyan və bizim qaçqın və məcburi köçkünlərin hüquqlarından söhbət getdikdə susanlar var. Bunlar necə Azərbaycanın əsl dostu ola bilərlər? Biz isə əksinə, Azərbaycan, Böyük Britaniya və Avropa ölkələrinin ümumi maraqlarına faydalı məqamları görürük. Biz yalnız ölkəmiz haqqında bilikləri, o cümlədən ölkəmiz tərəfindən bütün dünyaya təklif edilən biznes imkanlarını təşviq edirik”.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov isə çıxışında deyib ki, son beş il ərzində AAC Azərbaycanın təbliğində böyük iş görüb: “Böyük Britaniya və Azərbaycan arasında münasibətlərin günbəgün gücləndiyini vurğulamaq mənim üçün xoşdur. Xüsusilə AAC xalqlar arasındakı münasibətlər vasitəsilə əvəzsiz töhfələr verib. Mən çox şadam ki Azərbaycanı Böyük Britaniyada və ümumilikdə Avropada dəstəkləyən AAC kimi bir təşkilatı var. Növbəti beş ili səbirsizliklə gözləyirəm”.
Tədbirdə Böyük Britaniya Enerji və İqlim Dəyişikliyi Nazirliyinin beynəlxalq enerji, Avropa Birliyi və enerji davamlılığı departamentinin rəhbəri Edmund Hosker də çıxış edib. O bildirib ki, Azərbaycan əsas enerji istehsalçılarından biridir və mexaniki üsulla neft hasilatı və müasir neft nəqlinin başlandığı ölkədir: “Sevindiricidir ki, planlaşdırılan Cənub dəhlizi Azərbaycan qazını Avropaya çatdıracaq. Azərbaycan istehsalçı və tranzit marşrutu kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq. Bu il çox mühüm olub. Belə ki, Xəzər dənizindəki “Şahdəniz” qaz yatağından qaz nəqlini asanlaşdıracaq Transadriatik boru kəməri (TAP) və Transanadolu boru kəmərinin (TANAP) tikintisi ilə bağlı protokollar imzalanıb. Böyük Britaniya Azərbaycana birbaşa xarici investisiyada ən böyük sərmayəçi olaraq qalır. Azərbaycanda 300-dən çox Britaniya şirkəti fəaliyyət göstərir və bu rəqəmin artacağı gözlənilir”.
Çıxışında Britaniya parlamentinin Enerji Komitəsinin üzvü və parlamentdə bütün partiyalar üzrə Azərbaycan-Böyük Britaniya Dostluq qrupunun rəhbəri olan K. Pinçer bəyan edib ki, Azərbaycanın Sovet İttifaqının tərkibindən ayrılmasından ötən 22 il ərzində Azərbaycan hədsiz dərəcədə inkişaf edib: “Lakin yalnız bir məsələ - davam edən Dağlıq Qarabağ münaqişəsi hələ də həll edilməmiş qalır. Britaniya bu münaqişənin sülh yolu ilə həllini dəstəkləyir. Azərbaycan Qərb şirkətləri üçün böyük imkanlar təqdim edir. “Şahdəniz” yatağı dünyanın ikinci ən böyük qaz yatağıdır. Azərbaycan dünyəvi və tolerant dövlətdir. Bunun üçün Bakıdakı məscid, sinaqoq və kilsələri görmək kifayətdir. Azərbaycan dünyanın geosiyasi həssas bir hissəsində sabit bir ölkədir. Azərbaycanı mədəniyyət, siyasət və biznes baxımından təşviq etmək Azərbaycan-Böyük Britaniya dostluq qrupunun vəzifəsidir. Mən AAC və Azərbaycanın növbəti beş ildə uğurlarını səbirsizliklə gözləyirəm”.
Çıxışlardan sonra qısametarjlı film nümayiş olunub. Film baş ofisi Londonda yerləşən AAC-ın beş il ərzində inkişafından, Bakı, Paris, Berlin, Brüssel, İstanbulda ofislərinin açılmasından bəhs edir. Yarandığı gündən AAC 27 min qonağın iştirakı ilə 50-dən artıq tədbir təşkil edərək Avropada Azərbaycan barədə məlumatlılığın artırılmasına nail olub. Bu məqsədlə geniş elmi araşdırma aparıb və təhsil təşəbbüsləri irəli həyata keçirib.
Tədbir azərbaycanlı skripka ifaçısı, AAC-ın mədəniyyət və incəsənət məsələləri üzrə müşaviri Sabina Rakçeyeva və “Deco” ansamblının Azərbaycan milli və klassik musiqisi, o cümlədən argentinalı bəstəkar Astor Piazzollanın əsərlərinin ifası ilə başlayıb və sona çatıb.
Qeyd edək ki, London İqtisadiyyat Məktəbində təhsil alarkən Tale Heydərov tərəfindən əsası qoyulan Avropa-Azərbaycan Cəmiyyəti 2008-ci ildə London Azərbaycan Cəmiyyətinin əsasında fəaliyyətə başlayıb. Avropa Azərbaycan Cəmiyyətinin başlıca məqsədi Azərbaycanın mədəniyyətini və böyük iqtisadi imkanlarını Avropada tanıtmaq, Dağlıq Qarabağ münaqişəsi və bir milyon qaçqın və məcburi köçkünün vəziyyəti barədə həqiqətləri yaymaqdır.