“ATV” telekanalında yayımlanan “Süfrəmiz” verilişində xalq artisti Məleykə Əsədovanın dediyi sözlər qalmaqala səbəb olub.
Aktrisanın Şuşanın işğal günündə verilişin aparıcısı Elnarə Xəlilovanın “Necəsiniz?” sualına “Çox xoşbəxtəm, bu gün hər yerdə bayramdır, hamı bayramı qeyd edir. Hər yerdə konsertdir, bu gözəldir” deyə cavab verməsi sosial şəbəkələrdə etiraza səbəb olub.
Fikirlərinin təhrif olunduğunu bildirən xalq artisti məsələyə münasibətini açıqlayıb: “Mən həmişə demişəm ki, Heydər Əliyevin siyasəti olmasaydı, Azərbaycan bu səviyyəyə gəlməzdi. Şuşanın işğal günü olduğunu unutmamışam. Sadəcə efirdə fikirlərimi yarımçıq kəsdilər. Dedim ki, Heydər Əliyevin anadan olmasının 90 illiyini qeyd edirik. O insan olmasaydı, ölkəmizdə qan dayanmazdı. Ardından əlavə etdim ki, Şuşada dünyasını dəyişən hər kəsə Allah rəhmət eləsin. Biz o günü heç vaxt unutmuruq. Danılmaz həqiqətdir ki, torpaqlarımızın işğalını dayandıran insan Heydər Əliyev olub. Həmişə demişəm ki, Azərbaycan Heydər Əliyev, Heydər Əliyev isə Azərbaycan deməkdir”.
Məleykə Əsədova həmçinin bildirib ki, “Facebook”da onun adından istifadə edərək səhifələr açılır: “Pərəstişkarlarım adımdan səhifələr açırlar, şəkillərimi yerləşdirirlər. Mənim cəmi bir profilim var, onu isə bacım qızı və özüm idarə edirəm. Amma çox az vaxtlarda sosial şəbəkədə otururam. Bir neçə gündür tədbirlərlə bağlı rayonlarda olduğumdan baxa bilmirəm. Hər kəsdən xahiş edirəm ki, mənim adımdan istifadə edib, statuslar yazıb, insanların fikirlərini qarışdırmasınlar”.