Fransada Hafiz Məmmədovu “vuranlar” ermənilər çıxdı

Lans" klubunun azərbaycanlı sahibi Hafiz Məmmədovla bağlı son vaxtlar Fransa mətbuatında geniş vüsət alan yazıların əsl səbəbləri üzə çıxıb.

Trend-in etibarlı mənbələrdən aldığı məlumata görə, H.Məmmədovun əleyhinə yönələn yazıların ardı-arasının kəsilməməsi bu ölkədə çox güclü dayaqları olan erməni diaspor təşkilatlarının mediaya təzyiqi və şirinikləndirici vədləri ilə əlaqədardır.

Sirr deyil ki, 500 minə qədər erməninin yaşadığı Fransada Azərbaycan və qardaş ölkə Türkiyəyə qarşı həmişə antikampaniya aparılıb. Bu proses H.Məmmədov hələ "Lans"ın səhmlərini almağa hazırlaşdığı vaxtdan isə daha da güclənməyə başlayıb. Azərbaycanın siyasi rəhbərliyinin dəstəyi ilə ərsəyə gələn bu layihəyə əngəl olmaq üçün erməni diaspor təşkilatları bu günə qədər fəal iş aparırlar.

Konkret faktlara müraciət edək. Hələ bu ilin iyun ayında (o zaman hələ H.Məmmədov "Lans"ın səhmlərini almaq üçün müqavilə imzalamamışdı) Fransadakı erməni diaspor təşkilatları "Lans"ın o vaxtkı prezidenti Lyuk Dayana müraciət edərək onları Azərbaycanla gözlənilən əməkdaşlığın qarşısını almağa çağırmışdı. Diaspora təşkilatlarının direktoru Hratç Varyabediyanın imzası ilə kluba ünvanlanan müraciətdə erməni diasporu ənənəsinə sadiq qalaraq Azərbaycan dövləti və onu rəhbərliyi haqda mənfi rəy formalaşdırmağa çalışmış, ölkəmizdən bir iş adamının "Lans"la əməkdaşlığının yolverilməz olduğunu bildirmişdi.

Erməniləri ən çox qıcıqlandıran həm də bu idi ki, Azərbaycan rəhbərliyinin dəstək verdiyi bu layihə çərçivəsində "Lans" Fransa çempionatının oyunlarına üzərində "Land of fire Azerbaijan" (Odlar yurdu Azərbaycan) sözləri yazılan forma ilə çıxacaq. Beləliklə, bu layihə baş tutacağı halda klubun sahibliyi Azərbaycan tərəfinə keçəcək. Bundan sonra isə Ermənistanla həm də informasiya müharibəsidə olan Azərbaycan "Land of fire Azerbaijan" layihəsi ilə Fransadakı düşmənlərinə zərbə vurmağa nail olacaq.

Yeri gəlmişkən, qatı erməni millətçilərinin yığışdığı sözügedən təşkilat Azərbaycanla yanaşı, qardaş Türkiyəyə qarşı da radikal mövqeyi ilə seçilir. Onlar bir neçə dəfə Senata müraciət edərək Fransada qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin tezliklə qəbul olunmasını tələb edib. Bundan başqa, Fransa hökumətini Azərbaycan dövləti ilə əməkdaşlıqdan çəkindirməyə çağırıb.

"Land of fire Azerbaijan" layihəsinin ideya müəllifi H.Məmmədovun bugünlərdə Lansa etdiyi səfər, sahibi olduğu komandanın oyunu zamanı onminlərlə azarkeşin iş adamına və Azərbaycana minnətdarlıqlarını ifadə etməsi, ən başlıcası isə "Lans"ın səhmlərini aldıqdan sonra bu klubun stadionunda Azərbaycanın bayrağının dalğalandırılması erməniləri qıcıqlandırmaya bilməzdi. Təsadüfi deyil ki, həmin səfər ərəfəsində H.Məmmədovun nüfuzlu "Canal+" telekanalına verdiyi müsahibə əsnasında çəkilən verilişdə son illər sürətlə inkişaf edən Azərbaycanın "qara rəng"də göstərilməsinə cəhd edilmiş, iş adamının dövlət başçısı İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın sürətli inkişafı və çiçəklənməsi ilə bağlı dediklərinə yer verilməmişdi. Əvəzində verilişdə daha çox Azərbaycan dövlətinə və hakimiyyətinə əks mövqedə dayanan, ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi media orqanının nümayədəsinin fikirləri üstünlük təşkil etmişdi. Təəccüblüdür ki, verilişdə H.Məmmədovun fransız jurnalistlərə Azərbaycanın xalqının mentalitetindən irəli gələn səmimi qonaqpərvərlik göstərməsi isə mənfi addım kimi dəyərləndirilmişdi. Zəngin bir iş adamının bahalı villada yaşaması isə az qala qeyri-adi bir olay kimi təqdim olunmuşdu. Halbuki Fransanın özü də daxil olmaqla bütün dünyada varlı biznesmenlərin bahalı villalarının olması təbii bir haldır.

Fransız jurnalistlər verilişdə özləri etiraf edirlər ki, Azərbaycana H.Məmmədovun yaxınlarının dəvəti ilə səfər ediblər, amma bu zaman kimsənin xəbəri olmadan bəzi jurnalistlərlə (Azərbaycan dövlətinə əks düşərgədə olan media nümayəndəsi ilə) görüşə biliblər. Təkcə bu faktın özü onu deməyə əsas verir ki, "Canal +"in əməkdaşlarının ilk gündən məqsədi heç də Azərbaycanın "Lans"ın timsalındakı uğurlu layihəsi haqda veriliş hazırlamaq yox, əksinə, yuxarıda qeyd etdiyimiz kimi, ölkəmizin özünü və iş adamlarını nüfuzdan salmaq olub.

Qeyd etmək yerinə düşər ki, Fransada yaşayan azərbaycanlı jurnalistlərin dediklərinə görə, erməni diasporunun "Canal +" telekanalına yüksək təsir imkanları var və verilişin sırf Azərbaycan dövlətinin əleyhinə yönəldiməsi də bunun nəticəsi olduğu şübhə doğurmur.

Yeri gəlmişkən, verilişdəki "fakt"lar daha sonra digər media orqanları üçün bir növ istinadən mənbəyinə çevrildi. Artıq şübhə yeri yoxdur ki, H.Məmmədovun, daha doğrusu, bir iş adamının timsalında Azərbaycan haqda Fransada və Avropada mənfi rəyin formalaşması yuxarıda sadalanan ermənilərin yazdığı ssenarinin tərkib hissəsidir.

Ümumiyyətlə, ermənilərin Fransada gündəlik çıxan qəzet və jurnalları var. H.Məmmədov haqda antikampaniya da əsasən məhz həmin KİV-lərdə aparılır və gözləmək olar ki, təzyiqlər bundan sonra da davam etdiriləcək. Çünki Azərbaycan Fransada təkcə futbol yox, başqa sahələrdə də hansısa böyük bir layihə həyata keçirmək istəyəndə erməni diasporu dərhal fəallaşır, Azərbaycanın bu ölkədəki uğurlarına əngəl olmağa çalışırlar. "Lans" məsələsində də ermənilərin əsas diaspor təşkilatının fəallaşması təəccüblü deyil, gözlənilən idi.
Şərhlər
İdman bölməsinin xəbərləri