Bakıda həbsxanada gizli saxlancdan “İpone-5” və “İpad” tapıldı

Bakıdakı 8 saylı cəzaçəkmə müəssisəsində gizli saxlanc yerində qadağan edilmiş əşyaların aşkar olunub.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, dekabrın 5-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Elçin Rafiq oğlu Dadaşovun kamerasına və üzərinə baxış keçirilib. Baxış zamanı kameranın taxta döşəməsinin altında betonun içərisində xüsusi üsulla hazırlanmış gizli saxlanc yerindən 2 (iki) ədəd "İphone-5" markalı mobil telefon aparatları, 1 (bir) ədəd "İpad" markalı planşet, 2 (iki) ədəd qulaqcıq, 1 (bir) ədəd elektrik qidalandırıcısı, 2 (iki) ədəd "Bose" markalı qulaqcıq və 1 (bir) ədəd yaddaş kartı aşkar edilərək götürülüb.

Qeyd edək ki, 1979-cu il təvəllüdlü Elçin Dadaşov Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma; külli miqdarda törədildikdə); 93.1.4 (Tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin əsasları; cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər) maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

Elə həmin gün həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Müşfiq Şirzad oğlu Babayevin yataq yerinə və üzərinə baxış keçirilərkən yataq yerindən yastığın altından ona məxsus 2 (iki) ədəd "Nokia-311" markalı mobil telefon aparatları və 4 (dörd) ədəd "Sim" kart aşkar edilərək götürülmüşdür.

Qeyd edək ki, 1975-ci il təvəllüdlü Müşfiq Babayev Cinayət Məcəlləsinin 181.2.1 (Quldurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma; külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hər iki fakt üzrə araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri