Azərbaycanda parlamentin bank faizlərinə həsr olunmuş iclasının keçirilməsi təklif olunur

Azərbaycan bank sektorunda mövcud kredit dərəcələrinin yüksək olması və onların aşağı salınması zərurəti ilə bağlı məsələnin parlamentin plenar iclasında müzakirəyə çıxarılması təklif olunur.

APA-nın məlumatına görə, bu təklif Milli Məclisin İqtisadi siyasət Komitəsinin bu gün keçirilən toplantısında səsləndirilib.

Millət vəkili Vahid Əhmədov bildirib ki, deputatlar bu məsələni bir daha dəyərləndirib, bununla bağlı öz tövsiyələrini verməlidir. Onun sözlərinə görə, bank faizlərinin yüksək olması bu gün cəmiyyətdə ən problemli məsələlərdən biridir: «Biz bilməliyik ki, bu sahədə nə baş verir. Bankların normal fəaliyyət göstərməsi üçün onlara 3 mlrd. manat vəsait ayrılmalıdır».

Millət vəkili Çingiz Əsədullayev isə qeyd edib ki, bu məsələ diqqət mərkəzindədir: «Bank riskləri yüksək olan yerdə, yüksək faizlər olacaq. Mövcud bank faizləri ilə biz kiçik və orta biznesi inkişaf etdirə bilmərik. Bank faizlərini aşağı endirmək üçün müəyyən mənbələr axtarıb tapmalıyıq. Ən əsası əmanətlərin banklara cəlb edilməsi yolları tapılmalıdır».

Eyni zamanda deputat bunun üçün Dövlət Neft Fondunun vəsaitlərindən istifadənin əleyhinə olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu, Sahibkarlığa Kömək Milli Fondu kimi bir fond ola bilər: «Lakin bu məsələnin ictimailəşdirilməsi düzgün deyil. Çünki bu, bankların ziyanına işləyir. Bəzi şəxslər borcları olduqları banklara kreditlərini ödəmir və düşünür ki, bank faizləri enəndən sonra onu ödəyəcək».

Ç.Əsədullayev bank rəsmilərinin iştirakı ilə parlamentin ümumi iclasının keçirilməsi ideyasının lehinə çıxış edib: «İnanırıq ki, bunun müsbət nəticələri olacaq».

Komitə sədri Ziyad Səmədzadə də bu məsələdən narahatlığını bildirərək deyib ki, bu məsələ ölkə hökumətini də narahat edir: «Mərkəzi Bankın sədri Elman Rüstəmov da bank faizlərinin yüksək olması ilə bağlı məsələni təsdiqləyir və deyib ki, bank faizlərinin aşağı salınması məsələsi gündəmdədir. Mən sizə söz verirəm ki, Mərkəzi Bankın rəhbərliyi və aidiyyəti digər qurumlarla yaranmış vəziyyəti müzakirə edəcəyik və mövcud problemlər həllini tapacaq».

Həmçinin, Kmitə sədri qeyd edib ki, ölkədə fəaliyyət göstərən bank təşkilatlarının monitorinqi aparılmalıdır: «Orada müəyyən problemlər mövcuddur. Baxılmalıdır ki, banklar «Reklam haqqında» qanuna necə riayət edir. Bu məsələlər də öz həllini tapmalıdır».
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri