Zaqatalada evə basqın edən maskalı və silahlı şəxslər ev sahibini döyərək külli miqdarda pul aparıblar

Azərbaycanın Zaqatala rayonunda silahlı və maskalı şəxslər diş texnikinin evinə basqın ediblər.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə rayonun Danaçı kəndində qeydə alınıb.

Məlumata görə, dekabrın 5-dən 6-na keçən gecə saat 04.00 radələrində, kənd sakini, 1952-ci il təvəllüdlü Qurban Məhəmməd oğlu Qurqunayevin evinə gələn 3 nəfər naməlum maskalı şəxslər ev sahibini həyat yoldaşı və gəlininin gözü qarşısında döyərək pul tələb ediblər. Naməlum şəxslər ev sahibini döydükdən sonra evdə olan külli miqdarda pulu götürərək hadisə yerindən qaçıblar.

Q. Qurqunayev bu gün səhər Zaqatala Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.

Zərərçəkənin qohumları APA-nın yerli bürosuna bildiriblər ki, evə basqın edən şəxslər silahlı olub. Onlar ev sahibini döyərək evdən 50 min manat, 30 min ABŞ dolları, 700 min Rus rublu və 40 min manat dəyərində qızıl-zinət əşyalarını götürərək qaçıblar.

Baş vermiş hadisə ilə bağlı Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, basqına məruz qalan Q. Qurqunayev diş texnikidir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri