Ötən gecə Bakıda dəhşətli yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə 20 Yanvar metrostansiyasının yaxınlığında, tunelin Şamaxinka dairəsindən 20 Yanvar dairəsi istiqamətindəki çıxışında baş verib. Yüksək sürətlə hərəkətdə olan "Daewoo" markalı minik maşını tunelin çıxışında dayanan "Shacman" markalı yük maşınının altına girib. Yük maşınına çırpılan avtomobil alışıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının əməkdaşları çağırılıblar. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri maşında sıxılıb qalmış cəsədləri çıxarmağa başlayıblar.
Ümumilikdə dəhşətli qəza nəticəsində dörd nəfər dünyasını dəyişib. Onların şəxsiyyəti hələlik dəqiqləşməyib. Yük maşınının sürücüsü Bəhruz Abbasov hadisə ilə bağlı danışarkən deyib ki, hələ tuneldə olarkən Nəqliyyat Nazirliyinə məxsus olduğu ehtimal edilən avtomobil ona dayanmaq əmri verib: “Tuneli çıxana kimi saxlatdı, saxlamadım. Burada artıq məcbur qalıb, saxladım. Çünki maşını mənim maşınımın qabağına verdi. Qabağıma verib saxlatdı. Mən də məcbur, qəza işıqlarını yandırdım, mühərriki söndürdüm, pəncərələri bağlayıb, aşağı düşdüm. Onlara yaxınlaşdım, soruşdular ki, maşın harada qeydiyyatdadır, mən də dedim ki, filan postda qeydiyyatdadır. Dedi ki, gəl, aydınlaşdıraq. Bu anda həmin hadisə baş verdi”.
Hadisəni Yasamal rayonunun hüquq-mühafizə orqanları araşdırırlar.