Bakı xəstəxanasında müdhiş olay: xəstə qaçmaq istəyərkən dünyasını dəyişdi

Bakı xəstəxanasında müdhiş olay: xəstə qaçmaq istəyərkən dünyasını dəyişdi Bakıdakı 2 saylı Kliniki Psixiatriya xəstəxanasına daxil olan daha sonra oradan qaçmağa cəhd edən xəstə dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə eksklüziv açıqlamasında bildirib ki, Bakı şəhəri Nəsimi rayon sakini 1991-ci il təvəllüdlü pasient Əhmədli Elşən Mahir oğlu dekabrın 2-də Bakı şəhəri Təcili Tibbi Yardımın göstərişi əsasında 2 saylı Kliniki Psixiatriya xəstəxanasına daxil olub.

Qəbul zamanı pasient psixitrop oyanıq halında olub.

Bununla əlaqədar Klinikada ona müvafiq spesifik müalicə aparılıb. Artıq dekabrın 6-da xəstə sakitləşib, şöbədə davranışı qənaətbəxş olub.

A.Qədirli bildirib ki, lakin bu gün iki sanitarın müşahidəsi ilə rentgen müayinəsinə aparılarkən sanitarları itələyib, pilləkəni tullanaraq qaçmağa cəhd edib: "Pasient aşağı tullanarkən yerə yıxılıb və başından ağır zədə alıb. Xəstəyə dərhal ilkin tibbi yardım göstərilib və Təcili Tibbi Yardıma xəbər verilib. Lakin keçirilən əməliyyatlara baxmayaraq xəstə aldığı zədədən dünyasını dəyişib. Hadisə ilə əlaqədar 21-ci Polis Bölməsinə və Bakı şəhəri Nəsimi rayon Prokurorluğuna məlumat verilib".

Qeyd edək ki, Əhmədli Elşən 2009-cu ildən etibarən "Şizofreniya paranoid forma" diaqnozu ilə dəfələrlə Bakı şəhəri 2 saylı Kliniki Psixiatriya xəstəxanasında eləcədə, Səhiyyə Nazirliyi 1 saylı Respublika Psixiatriya xəstəxanalarında müalicələr alıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri