Kaxa Kaladze: Azərbaycan, Gürcüstan və Türkiyə regional əhəmiyyətli güclü enerji dəhlizi yaradırlar

Gürcüstan və Türkiyəni birləşdirəcək elektrikötürücü xəttin (EÖX) tikintisi regionda ən irimiqyaslı enerji layihələrindən biridir. Trend-in məlumatına gprə, bunu Gürcüstanın energetika naziri Kaxa Kaladze çərşənbə günü "Axaltsixe" yarımstansiyası və EÖX-ün açılış mərasimində deyib:

"Biz bu gün regionda çoxillik sıx əməkdaşlığın nəticəsi olan ən irimiqyaslı və mühüm enerji layihələrindən birinin başa çatmasını qeyd edirik. Biz türkiyəli və azərbaycanlı tərəfdaşlarımızla birlikdə regional əhəmiyyətli güclü, sabit enerji dəhlizinin yaradılmasını təmin edən belə iri infrastruktur layihəsini həyata keçirə bilmişik".

Onun sözlərinə görə, Axaltsixedə yüksək texnologiyalı yarımstansiya və EÖX-ün inşası nəticəsində neft və qazla yanaşı, Avropa bazarlarına elektrik enerjisinin nəqli mümkün olub: "Bizim vəzifəmiz Gürcüstanın enerji sisteminin ölkənin və regionun inkişafında aparıcı rol oynamasıdır".

EÖX-ün açılış mərasimində Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız, Azərbaycanın energetika naziri Natiq Əliyev, habelə Gürcüstan Nazirlər Kabinetinin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə, həmçinin Gürcüstanın enerji sektoruna sərmayələrin yatırılmasında maraqlı olan Türkiyədən 15 iş adamı iştirak edib.

Gürcüstanın Dövlət Elektrik Sisteminin məlumatına görə, 400 kilovoltluq EÖX və "Axaltsixe" yarımstansiyası "Qara dəniz elektrikötürücü xətti" layihəsi çərçivəsində inşa edilib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri