Dövlət Xidməti: Azərbaycanda sığorta agentlərinin sayı il ərzində təxminən 25 faiz artıb

Azərbaycanda sığorta agentlərinin sayı il ərzində 24 faizdən çox artıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda keçirilən Sığorta Agentlərinin II Milli Forumunda Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin Lisenziyalaşdırma, ərizə və şikayətlər şöbəsinin rəhbəri Mahir Abdullayev deyib.
M.Abdullayev bildirib: "Cari ildə bazarda 800 sığorta agenti fəaliyyət göstərib ki, onların 52-si hüquqi şəxs, 748-i isə fiziki şəxsdir".

Onun sözlərinə görə, sığorta agentləri bazarın inkişafında mühüm rol oynayırlar və qanunvericilik onların sayına məhdudiyyətlər qoymur: "Bazar nə qədər inkişaf edirsə, sığorta agentlərinin fəaliyyətinə tələb də yuxarı olur. 2012-ci ildə Azərbaycanda 643 agent çalışıb ki, onların da 46-sı hüquqi, 597-si isə fiziki şəxs olub".
Onun sözlərinə görə, tələbə müvafiq artım 2011-ci ildə başlayıb: "İcbari sığorta haqqında" qanunun qüvvəyə minməsindən sonra sığorta agentlərinin sayı artmağa başlayıb. Müqayisə üçün deyək ki, 2011-ci ildə ölkədə 119 agent (11 hüquqi və 108 fiziki şəxs) çalışırdı".

Bakıda Azərbaycan Sığorta Agentlərinin II Milli Forumu keçirilir. Forumda ölkənin sığorta şirkətlərinin, dövlət strukturlarının 200-dən artıq nümayəndəsi və ekspertlər iştirak edirlər. Forum iştirakçıları Azərbaycanın sığorta bazarının problemlərini, eləcə də onun inkişafının perspektivlərini müzakirə edirlər.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri