Ötən ay Azərbaycan sərhədlərini pozduğuna görə 53 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən cari ilin noyabr ayı ərzində dövlət sərhədini pozduqları üçün 31 halda 53 nəfər saxlanılıb.

Onların 14 nəfəri Azərbaycan, 13 nəfəri Özbəkistan, 12-si Nigeriya, 5 nəfəri Türkiyə, 3 nəfəri Moldova, 2 nəfəri İran İslam Res­pub­likası, 2 nəfəri Əfqanıstan, 1 nəfəri Gürcüstan və 1 nəfəri Mali vətəndaşı olub.

DSX-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 5 halda 10 nəfər, Xəzər dənizində 29 halda 41 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 200 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 12 halda 28 kiloqram 393,6 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qaçaqmalçılığa qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 48 halda ümumi dəyəri təqribən 339 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd tapança, 1 ədəd tüfəng, 2 ədəd pnevmatik tapança, 2 ədəd 3 mm-lik patron, 3059 piston, 44 ədəd giliz, 140 kiloqram barıt, 1 ədəd durbin, 698 ədəd pirotexniki vasitə, 159 ədəd mobil telefon, 400 qram qızıl zinət əşyaları, 171400 Avropa valyutası, 26 baş iribuynuzlu heyvan, müxtəlig dərman preparatları, spirtli içki və digər istehlak malları saxlanılıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri