Prezident İlham Əliyev: “Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti dayanır”

Azərbaycan prezident İlham Əliyevin Azərbaycan Müəllimlərinin XIV Qurultayına təbrik məktubu ünvanlayıb.

APA-nın xəbərinə görə, təbrik məktubunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə oxuyub.

Məktubda bildirilir: “Azərbaycan müəlliminin tarixən xalqımızın intellektual potensialının formalaşdırılmasında böyük xidmətləri vardır. Dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin və mənəviyyatımızın kökündə dayanan müəllim daim cəmiyyətimizdə hörmət və ehtiramla əhatə olunub. Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur. Təhsil sistemində həyata keçirilən bütün işlər, o cümlədən son 10 il ərzində 2700 məktəbin tikilməsi, təhsilin maliyyələşdirilməsinin artırılması, idarə edilməsinin təkmilləşdirilməsi və digər islahatlar bütövlükdə təhsilimizin aparıcı qüvvəsi olan müəllimin mövqeyinin gücləndirilməsi üçün möhkəm zəmin yaradıb. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyasının qəbul olunmasından sonra keçirilməsi qurultayınızı Azərbaycan müəllimlərinin əvvəlki ali məclislərindən fərqləndirən mühüm hadisədir. Strategiya qarşıdakı dövr üçün milli təhsil sisteminin prioritet istiqamətlərini və başlıca məqsədlərini müəyyən edərək sizin qarşınızda xalqımızın gələcəyi naminə həyati əhəmiyyətli yeni vəzifələr qoyur. Onun tələbi sürətlə modernləşən ölkəmizdə təhsil sisteminin insan kapitalının inkişafına xidmət etməsinin, təhsilin keyfiyyət göstəricilərinin ən yüksək səviyyəyə çatdırılmasının və bütün pillələrində köklü dönüş yaradılmasının, həmçinin müəlliminin səmərəli fəaliyyətinin dünya standartlarına uyğun təşkilinin təmin olunmasından ibarətdir. Qurultayınızın ötən müddət ərzində görülən işləri obyektiv qiymətləndirəcəyinə, taleyüklü məsələlər ətrafında müzakirələrin və qərarların ölkənin təhsil sisteminin təkmilləşdirilməsinə öz layiqli töhfəsini verəcəyinə ümidvar olduğumu bildirib, hər birinizə uğurlar arzu edirəm. İnanıram ki, Azərbaycan müəllimi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, Azərbaycançılıq məfkurəsinə sadiq və qloballaşan dünyada ölkəmizi layiqincə təmsil etməyə qadir vətəndaş yetişdirilməsində bundan sonra da var qüvvəsini əsirgəməyəcək”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri