Azərbaycanın təhsil naziri: “Attestasiyadan uğurla keçən müəllimlərə differensiyalaşdırılmış əmək haqqı veriləcək”
- 14.12.2013, 16:32,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Azərbaycanda müəllim peşəsinin nüfuzunun artırılması onun yüksək və mənəvi motivasiyası, pedaqoji təhsilə istedadlı gənclərin cəlb olunması və islahatların həyata keçirilməsi üçün ən vacib amildir”.
APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Müəllimlərinin XIV Qurultayında çıxışı zamanı deyib ki, müəllim peşəsinə istedadlı gənclərin cəlb olunması məqsədilə tələbə dövründən başlayaraq maddi stimullaşdırma mexanizmləri həyata keçirilməlidir.
M. Cabbarov qeyd edib ki, hər bir müəllimi ixtisasartırma kurslarına cəlb etmək lazımdır.
Bununla əlaqədar müəllimlərin peşəkarlıq səviyyəsinin könüllülük əsaslarla yoxlanılmasının nəzərdə tutulduğunu deyən nazir vurğulayıb ki, attestasiya nəticəsində uğurlu nəticə göstərən müəllimlər üçün differensiyalaşdırılmış əmək haqqının verilməsi təmin ediləcək: “Attestasiyadan keçməyən müəllimlər üçün isə təlimlər təşkil olunacaq. Onlara növbəti attestasiyaya hazırlaşmaları üçün imkan yaradılacaq. Müəllimlərin karyera inkişaf və fəaliyyətini stimullaşdırmaq üçün yeni sistemin yaradılması məqsədilə müvafiq addımlar atılacaq. İdarəetmə funksiyalarını həyata keçirən dövlət qurumlarının səlahiyyət və məsuliyyət dairəsinin yenidən müəyyənləşdirilməsinə ehtiyac duyulur”.
Nazirin fikrincə, yerli qurumlar idarəetmə funksiyalarını tam olaraq öz əllərinə almalı, məktəblərdə vəziyyəti, kadrların yerləşdirilməsi, tədris prosesi ilə maraqlanmalı, lazımı dəstək göstərməlidirlər.