Cəlilabad sakini Bakıda narkotik maddəni 50 min dollara satarkən yaxalanıb

Cəlilabad sakini Bakıda narkotik maddəni 50 min dollara satarkən yaxalanıb Azərbaycanda narkotik vasitələrin satışı ilə məşğul olan transmilli dəstənin üzvü zərərsizləşdirilib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, daxili işlər orqanlarının əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat həyata keçiriblər.

Daxil olan əməliyyat məlumatı əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsi və alğı-satqısı ilə məşğul olan transmilli mütəşəkkil cinayətkar dəstənin fəal üzvlərindən olan Cəlilabad rayon sakini Rahib Niftəliyev 8 kiloqramdan çox tiryəki və 2 kiloqramdan artıq həşişi Yasamal rayonu ərazisində 50 min dollara satarkən yaxalanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Mütəşəkkil cinayətkar dəstənin digər üzvlərinin də müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-istintaq və axtarış tədbirləri davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri