“Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişi imzalanıb

“Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişi imzalanıb Dekabrın 17-də Bakıda “Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanması mərasimi keçirilib.

Live.az-ın APA-ya istinadən verdiyi məlumata görə, sənədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell imza atıblar.

Mərasim çərçivəsində “Cənubi qaz dəhlizi” barədə memorandum da imzalanıb.

Memorandumu Albaniya, Xorvatiya və Çernoqoriyanın iqtisadiyyat nazirləri, Azərbaycan tərəfindən isə energetika naziri Natiq Əliyev imzalayıb.

Qeyd edək ki, Azərbaycan «Şahdəniz-2» layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılması üçün boru kəmərinin seçilməsi ilə bağlı qəbul etdiyi qərarını iyunun 28-də rəsmən açıqlayıb. «Şahdəniz» konsorsiumu son iki il ərzində Avropaya qazın nəqli üçün boru kəmərinin bir neçə seçim variantını nəzərdən keçirib və TAP (Trans Adriatic Pipeline) üzərində dayanıb. Uzunluğu 870 km olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 2,2 mlrd. ABŞ dolları təşkil edir.

«Şahdəniz» yatağı 1999-cu ildə kəşf olunub. Azərbaycan 2006-cı ildən etibarən «Şahdəniz-1» layihəsi çərçivəsində Gürcüstan və Türkiyəyə qaz ixrac edir.

Yekun investisiya qərarı ilə paralel olaraq, ARDNŞ «Statoil» şirkətindən «Şahdəniz» və Cənubi Qafqaz Boru Kəmərində 6,7%, BP isə «Statoil»dan «Şahdəniz» və Cənubi Qafqaz Boru Kəmərində 3,3% iştirak payı alıb. Bu əməliyyatların rəsmiləşdirilməsi prosesinin 2014-cü ildə başa çatdırılması planlaşdırılır.

Nəticədə, «Şahdəniz» tərəfdaşlarının payı aşağıdakı kimi olacaq: BP (operator - 28,8%), ARDNŞ (16,7%), «Statoil» (15,5%), «Total» (10%), «LUKoil» (10%), NICO (10%) və TPAO (9%).

«BOTAŞ» və BP-nin TANAP-da 2014-cü ildə başa çatması gözlənilən iştirak paylarının alınması əməliyyatından sonra TANAP tərəfdaşları bu şirkətlər olacaq: ARDNŞ, (operator - 68%), «BOTAŞ» (20%) və BP (12%).

TAP tərəfdaşları isə aşağıdakı şirkətlərdir: ARDNŞ (20%), BP (20%), «Statoil» (20%), «Fluxys» (16%), «Total» (10%), E.ON (9%) və «Axpo» (5%).
Şərhlər
Siyasət bölməsinin xəbərləri