Aygün Bəylər bütün ittihamlara cavab verdi

Aygün Bəylər bütün ittihamlara cavab verdi “Aygün Bəylər kimi vətəninə, dövlətinə, torpağına bağlı sənətkarların qədrini bilin, ay mənim gözəl və qəlbi saf, sənətsevər xalqım”. Azərbaycanın əməkdar artisti Aygün Bəylər mətbuatda haqqında yazılan yalan məlumatlara gecə ilə aydınlıq gətirdi.

Əməkdaşımıza verdiyi geniş müsahibəsində sənətkar, Rusiyanın Rostov vilayətində təxirə salınan konsertinin detallarını ilk dəfə bizim oxucularımız üçün şərh etdi:

“Yazırlar ki, guya mən erməni əsilli Qriqori adlı şəxsin bugün və sabah təşkil etdiyi konsert və şəxsi məclisində iştirak edəcəyəcəm. Bu yalandır. Mən heç bir jurnalistə açıqlama verməmişəm. Sadəcə smslərinə cavab yazmışam, onlar da telefonumdadır. Qələm tutmağı bacarmayan bəzi dırnaqarası jurnalistlərin işləridir haramçılıqla pul qazanmaq. Hər bir insan yaxşı və pis əməllərinə görə öz-özlərinə vicdanları ilə cavab verəcək.

Mən Rostovda həmyerlilərimiz olan Allahverdi müəllimin təklifi ilə təşkil olunacaq konsertdə iştirak etməli idim. Özü də öz ansamblımızla birlikdə. Həmin təşkilatçı mənim və bir çox musiqiçilərin yaxın dostudur. Hörmət elədiyimiz bir insandır. Moskva şəhərində yaşayır.

Qoy hamı bilsin ki, mən şou adamı deyiləm. Nə efirə çıxıram, nə də gündəm üçün piar ardınca qaçıram. 20 ildən artıqdır ki, bu xalqın qarşısında böyümüşəm. Sənətim və şəxsiyyətim hər zaman göz önündə olub. Oxucular Aygün Bəyləri də yadlarına salsınlar, digərlərini də.

Hamı bilir kim sənətə necə gəlib. Xalqın gözü tərəzidir. Aygün efirə papaqla gəldi, papaqla da efirdən getdi. Aygün oxuyur da, plyus sənətinin inkişafının elə bir nöqtəsindədir ki, “Nəsimi” operasının ilk hissəsini də tamamlayıb. Aygün Bəylər kimi vətəninə, dövlətinə, torpağına bağlı sənətkarların qədrini bilin ay mənim gözəl və qəlbi saf sənətsevər xalqım.

Mən sizi sevirəm və ömrüm boyu da sizə xəyanət etməmişəm. Xainlərə nifrət edirəm.

Necə olmuşamsa elə də varam. Sizi çox sevirəm”.

Əməkdar artist onu da bildirdi ki, o, Yeni İlə qədər Bakıda olacaq və hələ ki, hansısa xarici ölkəyə səfəri gözlənilmir.
Mənbə


Simsar
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri