Euronews telekanalı “No Comment” rubrikasını IDEA (International Dialogue for Environmental Action) İctimai Birliyinin yeni layihələrindən birinə həsr edib.
Qeyd edək ki, IDEA (International Dialogue for Environmental Action) İctimai Birliyi və “YARAT” Müasir İncəsənət Məkanı “Tullantıdan incəsənətə” adlı müştərək layihə həyata keçirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və “YARAT” Müasir İncəsənət Məkanı “Tullantıdan incəsənətə” adlı müştərək layihəni təqdim ediblər.
Dekabrın 16-da layihə çərçivəsində Bakı şəhərində istifadə olunmuş 3000-dən çox plastik butulka toplanaraq, paytaxtın Səməd Vurğun küçəsində Yeni İl ərəfəsində dekorativ Yeni il yolkası hazırlanıb və təqdim olunub.
Bu dekorativ yolkanı tullantılardan incəsənət nümunələri yaratmaqla dünyada məşhurlaşan, ABŞ, Şotlandiya, Niderland, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və digər ölkələrdə keçirilən sərgilərdə əl işləri böyük marağa səbəb olan ingilis mütəxəssisləri - Nikolas Bleyk Sayers və Qlendon Maykl Keysi qurublar. Layihədə xeyli sayda könüllü də iştirak edib.
Hündürlüyü 7, diametri 4,2 metr olan sənət nümunəsi Yeni İl ərəfəsində meşə və parklarda əkilmiş yolka ağaclarını kəsmədən, ətraf mühitə ziyan vurmadan alternativ yollardan istifadə etməklə süni yolkalar əldə etməyin mümkünlüyünü göstərir.
Bu dekorativ ağacın ərsəyə gəlməsində istifadə edilmiş butulkalar “Pepsi Azərbaycan” şirkəti tərəfindən toplanıb.