Azərbaycanda avtoxuliqanlığa görə cərimələr artırılıb

APA TV-nin məlumatına görə, prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu təsdiqləyib.

Qanuna əsasən, İnzibati Xətalar Məcəlləsinin avtoxuliqanlığı nəzərdə tutan 296-1 maddəsində dəyişiklik edilib. Beləliklə, avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə cərimə məbləği 400-600 manatdan 500-700 manatadək artırılıb. Bundan başqa, eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə cərimə məbləği 600-800 manatdan 700-1000 manatadək artılıb.

Qanunla edilən daha bir dəyişiklik mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə cərimənin nəzərdə tutulmasıdır. Bu qanun pozuntusuna görə 500 manat miqdarında cərimə nəzərdə tutulur. Xəta il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədildikdə 1000 manat cərimə ediləcək.

APA TV-nin xəbərinə görə, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, habelə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə cəzalar da kəskin artırılıb. Məcəlləsinin 155.7-ci maddəsində 80 manatdan 100 manatadək sözləri 500 manatdan 800 manatadək sözləri ilə əvəz edilib.
Şərhlər
Sosial bölməsinin xəbərləri