“Dedi-qodu gəzdirənlərdən, ikiüzlü insanlardan uzaq olmaq istəyirəm”
“Əvvəllər tamam başqa işlə məşğul idim, orada özümü tapa bilmirdim, iş qadını kimi özümü daha uğurlu hesab etdiyim üçün bu sahəni seçdim və çox məmnunam. Gördüyüm iş əsasən qadınlara xasdır, ziynət əşyaları satışı ilə məşğuluq”. Bu fikirləri APA TV-də yayımlanan “Bunker” verilişinin qonağı olan müğənni Ruhi deyib.
Onun sözlərinə görə, çox az qadın öz zövqündən bəhrələnə bilir: “Amma hər halda qadın daha zövqlüdür. Kişiləri evdə qadınlar yola salmasa, zövqlə geyinib işə gedə bilməzlər. Kişilərin də qadınlara ehtiyacı var. Ən zövqlü, ən ağıllı kişilər elə Azərbaycan kişiləridir. Ən fədakar, ən ailəcanlı, ən yaxşı ana Azərbaycan qadınıdır”.
Ruhi hesab edir ki, iş qadını olmaq o qədər də rahat deyil: “Bir ildir ki, ana olmuşam. Həm ana olmaq, həm də iş qadını olmaq çox çətindir. Hərdən balalarıma az vaxt ayırıb işimlə məşğul oluram, onlarla məşğul olanda işi unuduram. Nə qədər köməkçi də olsa, işin içində özün olmalısan, o cümlədən ailədə. Evdə də kömək eləyən var, uşaqlara da dayə baxır, amma yenə ana lazımdır“.
Çox şeydən zövq ala bildiyini deyən Ruhi ən çox övladlarından zövq aldığını dilə gətirib: “Əhvalımı yalan korlaya bilər. Kimisə aqressiv görəndə əhvalım korlanır. Aqressiv insanları təmizləyirəm ətrafımdan. Dostlara, sədaqətli dostlara ehtiyacım var. Dedi-qodu gəzdirənlərdən, ikiüzlü insanlardan uzaq olmaq istəyirəm. Hərdən alınır, hərdən yox.
Dənizlə danışmağı sevirəm. Elə şeylər var ki, insanlara bölüşə bilmirsən, dənizlə bölüşürsən. Əvvəllər çox çılğın idim. İndi övladlar sakitləşdirib məni. Vaxtım olanda anama baş çəkirəm, dostlarla görüşürəm, balalarımla oluram. Öz layihəmlə görünürəm efirlərdə. Maarifləndirici, düzgün geyim, davranış qaydalarına dair bir verilişdir. Mənə dəb ikonası deyiblər, bu addan sonra daha da məsuliyyətliyəm ki, adı doğruldum. Azərbaycan xanımları makiyajı sevirlər, amma o qədər gözəldirlər ki, istifadə etməsələr də olar. Xanımlığı qorusunlar, yetər”.
Ruhi zümrüd daşını çox sevdiyini deyib: “Qədim zamanlarda şahlar öz xanımlarına sevgilərini zümrüdlə bildiriblər. Həm bədnəzərdən qoruyur, həm də əsil zümrüd daşı qadının üstündə rəngbərəng olur, yəni qadının əhvalını özündə əks etdirir. İnsanlar arasında sevgi yaradır. Yaqut daşı xərçəngin qarşısını alır. Ən bahalı şərablarda yaqut daşının tozundan istifadə edilir. Hindistanda ilk evlilikdə qadına hökmən yaqutdan zinət əşyası aparırlar. Mirvari mənim daşımdır. Bədəndə ləkələri, zob xəstəliyi olan qadınlara çox kömək edir. Kişilərin daşı sapfirdir. Çəhrayı, ağ, hava rəngli sapfirlər var. Kişilər üçün ən gözəl sapfir tünd göy rəngdədir. Ən bahalı daş brilyantdır. Almaz brilyantın təmizlənməmiş variantıdır”.
Müğənni sırğa taxmağı sevdiyini deyib: “Sırğa taxanda rahat oluram. İstanbulda yaşamaq istəyərəm. Bəlkə dinimiz, dilimiz birdir, istiqanlıdır insanlar, ona görə. Orda olanda beynim çox rahat olur. Mən varlı qadın deyiləm, sadəcə elə görünürəm. Həyatımda narahat verici heç nə yoxdur. Ən ümdə arzum ana olmaq idi, şükürlər olsun oldum. Bundan sonra ancaq övladlarımın gələcəyini düşünürəm”.
Ruhi hər qadının gözəl olduğunu deyib: “Hansısa qəzadan rəbbim gözəlliyimi əlimdən alarsa, yenə şükür edərəm. Yaşlaşmaqdan qorxmuram, 50 yaşda da 30 yaşdakı görünmək mümkündür. Hər yaşın da öz gözəlliyi var. Əsas odur daxilən qocalmayasan. Arsız insanlar da var, hər şeyi qəlbinə salanlar da. Gərək heç nəyi yaxın qoymayasan qəlbinə. İnsan olan kəs fikirlərlə yaşayır, fikir eləməyən insan şüursuzdur”.
Ruhi mətbəxdə olmağı çox sevir: “Dadlı yeməklər bişirirəm, amma çox az. Vaxtım olmur. Dovğanı, xəngəli özüm hazırlayıram, ancaq soğanı başqasına doğradaram. Xəngəli çox xoşlayıram. Bəzən yayda da xəngəl yeyirəm. Üstünə çox ət tökəndə xoşlamıram, yağla qurudla xoşlayıram. ”Yanıq Kərəm” havasını çox sevirəm, ümumiyyətlə musiqini sevirəm, amma səsli-küylü olanları yox”.