Nazirlik: Azərbaycanda iribuynuzlu heyvanların sayı 33% azaldılmalıdır

Azərbaycanda heyvandarlıq sektoru ekstensiv şəkildə inkişaf edir.

Hazırda ölkədə 2,712 mln. baş iribuynuzlu heyvan var. Lakin bu qədər heyvanın saxlanılmasına ehtiyac yoxdur. Bunu APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov bildirib.

Onun sözlərinə görə, ölkədə torpaq və yem az olduğundan, heyvanların sayı da azaldılmalıdır. Əvəzində isə onların məhsuldarlığı artırılmalıdır.

«İnək və camışlardan ildə 2500-3000 kq süd almaq şərti ilə, iribuynuzlu heyvanların sayını 1,8 mln.-a salmalıyıq», - deyə Ç.Fərəcov fikrini əsaslandırarkən əlavə edib.

Qeyd edək ki, Azərbaycanda hər bir adam ildə orta hesabla 33,2 kq ət, 250 kq süd və 133 ədəd yumurta istehlak edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə əsasən isə, il ərzində adambaşına 70,1 kq ət, 359,9 kq süd və 243 ədəd yumurta istehlak olunmalıdır.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri