Azərbaycan prezidenti: “Bakıda yeni yaşayış binalarının tikintisinə nəzarət gücləndirilməlidir”

“2013-cü ildə Azərbaycanın uğurlu dinamik inkişaf təmin edilib, bu il ümumi daxili məhsul təxminən 6 faiz, qeyri-neft sektoru isə təxminən 10 faiz artıb. Bizim siyasətimizin əsas istiqaməti iqtisadi islahatlardır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda deyib.

Dövlət başçısı bu islahatların dünyanın aparıcı maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirildiyini diqqətə çatdırıb: “Son 10 ildə fəal işlər nəticəsində Azərbaycanın siyasi, iqtisadi uğurları təmin edilib. Ən böyük nailiyyətlərimizdən biri isə BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimizdir. Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır”.

Prezident bildirib ki, bu gün mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən Bakı dünyanın mərkəzlərindən birinə çevrilib, bununla da Azərbaycanın paytaxtı dünya xəritəsində öz layiqli yerini tutub: “Bunu Bakıya gələn qonaqlar da təsdiqləyirlər”.

Azərbaycan Prezidenti son 10 ildə regionların sosial-iqtisadi inkişafına dair iki dövlət proqramının qəbul olunduğunu, nəticədə bölgələrin inkişafında mühüm uğurlar qazanıldığını, eləcə də ölkə iqtisadiyyatına qoyulan sərmayələrin dinamik inkişafı təmin etdiyini bildirib. Dövlət başçısı qeyd edib ki, növbəti illər üçün də konkret proqramlar var və ölkənin dayanıqlı inkişafı gələcəkdə də təmin olunacaq. Azərbaycanın neft strategiyasına toxunan prezident İ. Əliyev bu sahədə reallaşdırılan layihələrdən danışaraq qeyd etdi ki, bu yaxınlarda “Şahdəniz-2” layihəsinə start verilməsi gələcəkdə ölkəmizin müstəqil inkişafına daha bir töhfə olacaq.

Bakı şəhərinin təkcə mərkəzdən ibarət olmadığını vurğulayan prezident inkişafın paytaxtının qəsəbə və kəndlərində də müşahidə edildiyini, şəhərin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurla icra olunduğunu diqqətə çatdırıb: “Bu Proqramın əsas hədəfi qısa vaxtda Bakıda mövcud problemlərin həllinə nail olmaq idi və artıq bu istiqamətdə əhəmiyyətli nəticələr əldə edilib, böyük infrastruktur layihələri icra olunub, bu layihələr elektrik enerjisi, qazlaşdırma, su-kanalizasiya layihələrinin həyata keçirilməsini, istilik sisteminin bərpasını, yeni yolların çəkilməsini, sosial və ictimai zonaların yaradılmasını əhatə edib”.

Prezident bildirib ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət Proqram”ının icrası paytaxtın abadlaşması üçün böyük təkan olub. Dövlət başçısı bundan sonra da Bakı və onun qəsəbələrinin infrastruktur məsələlərinə daha böyük diqqətin göstərilməsinin vacibliyini vurğulayıb. Gələcəkdə yeni elektrik stansiyalarının tikintisi, qazlaşdırma, içməli su və kanalizasiya, istilik sistemi layihələrinin davam etdirilməsinin zəruriliyini bildirən Azərbaycan prezidenti lift təsərrüfatının yenidən qurulması, yaşayış binalarının həyətlərinin abadlaşdırılması, yeni yolların, yol qovşaqlarının salınması, ictimai nəqliyyat sahəsində vəziyyətin yaxşılaşdırılması, yeni metro stansiyalarının tikilməsi ilə bağlı tapşırıqlarını verib.

Dövlət başçısı Bakıda yeni yaşayış binalarının tikintisinə nəzarətin gücləndirilməsinin vacibliyinə toxunaraq daha çox paytaxtda park və istirahət məkanlarının yaradılmasının diqqət mərkəzində saxlanmasının zəruriliyini bildirib.

2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq baxımından gələn ilin həlledici il olacağını da vurğulayan dövlət başçısı 2014-cü ildə Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının qəbul ediləcəyini diqqətə çatdırıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri