Azərbaycan “Uzundərə”nin erməni rəqsi kimi təqdim olunması ilə əlaqədar Rusiyanın "1-ci kanal"ına və beynəlxalq strukturlara rəsmi etiraz bildirəcək

Dekabrın 18-də Rusiyanın "1-ci kanal"ında (keçmiş ORT) yayımlanan “Jit zdorovo” verilişində erməni mətbəxinə həsr edilən 20 dəqiqəlik süjetdə Azərbaycanın “Uzundərə” qədim xalq rəqsi erməni rəqs nümunəsi kimi təqdim edilib. Azərbaycan Müəllif Hüquqları Agentliyindən APA-ya verilən xəbərə görə, “Uzundərə” el arasında qadın rəqsi kimi tanınır: “Özlərinin normal rəqsləri olmadığı üçün erməni qızlarının da Azərbaycan xalq musiqisi nümunələrindən, eləcə də qədim xalq rəqslərimizdən istifadə etmələri başadüşüləndir. Amma təəssüf doğuran erməni plagiatına (erməni ədəbi oğurluğuna) Rusiyanın "1-ci kanal"ı kimi geniş tamaşaçı auditoriyası olan nüfuzlu bir kanalın növbəti dəfə dəstək verməsidir”.

Müəllif Hüquqları Agentliyi “Jit zdorovo” verilişinin yaradıcı heyətinin diqqətinə çatdırıb ki, “Uzundərə” rəqsi böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 1910-cu ildə yazdığı “O olmasın, bu olsun” musiqili komediyasında (komediya 1911-ci ildə tamaşaya qoyulub) və həmin komediya əsasında 1956-cı ildə çəkilmiş eyniadlı filmdə gəlinin gətirilməsi səhnəsində səsləndirilir: “Yəqin ki, ermənilər, eləcə də onların tanınmış ictimai xadimləri, musiqişünasları və digər kateqoriyadan olan yaradıcı şəxsləri “O olmasın, bu olsun” filmindəki həmin səhnəni yaxşı xatırlayırlar. Azərbaycan xalqına məxsus folklor nümunələrini, o cümlədən milli rəqsləri mənimsəmək və özününküləşdirmək erməni mədəni siyasətinin tərkib hissəsinə çevrilib. “Jit zdorovo” verilişində “Uzundərə” Azərbaycan xalq rəqsinin erməni nümunəsi kimi tədim olunması da bu “erməniləşdirmə siyasəti”nin elementlərindən biridir. Bir faktı isə xüsusi vurğulamaq istərdik: vaxtilə ermənilər qədim Azərbaycan nəğmələrini toplayaraq arxivləşdirib və sonradan onları öz dillərinə çevirərək, erməni nümunələri kimi nəşr etdiriblər. Üstəlik, çoxlu Azərbaycan musiqi folklor nümunələri not şəklində dərc olunub. Bu sıraya daxil olan “Uzundərə” və “Ceyranı” Azərbaycan rəqsləri də XIX əsrin axırlarında bu “üsulla” dərc edilərək bir neçə ildən sonra erməni rəqsləri kimi təqdim olunmağa başlanıb. Erməni tədqiqatçısı R. Boyaçyanın topladığı və A. Seriyeks tərəfindən çapa hazırlanmış “Erməni xalq nəğmələri” kitabının Paris nəşrini buna misal göstərmək olar. Kitabdakı nəğmələrin böyük bir hissəsini orijinalda verilmiş Azərbaycan xalq mahnıları təşkil edirdi. XIX əsrin məşhur erməni xadimlərindən olan M. Nalbandyan yazırdı ki, erməni “... melodiya və havalarının çoxu türklərdən (azərbaycanlılardan) götürülüv. Mən ermənilərin yaşadığı çox yerlərdə olmuşam. Həmişə təmiz ermənicə olan bir şey eşitmək istəmişəm. Təəssüf ki, bu günədək buna nail olmamışam! Düşünürəm ki, bizim musiqi alətlərinin adları: saz, santur, kaman-hamısı türkcədir” (“Qədim şeirlər və mahnılar haqqında”, Əsərlərin tam külliyyatı, c. 1). Yaxud, məşhur ədəbiyyatşünas S. Palasanyan 1868-ci ildə özünün “Erməni melodiyaları” kitabında etiraf edirdi ki, “...ümumiyyətlə, biz hansı xalqın təsiri altında oluruqsa, onun mahnılarını da özümüzünkü hesab edirik...”. X. Abovyan ermənilərin yalnız türkcə (azərbaycanca) oxumalarının səbəbini onların “mahnı ilə dastanları”nın olmaması ilə izah edirdi. A. Brutyan isə “ən məşhur erməni muğam ifaçıları”nın Bakıdan və Şuşadan çıxdıqlarını yazıb. Məşhur rus mütəxəssisi A. Koroşşenkonun “Şərq, daha çox Qafqaz musiqisi üzərində müşahidələr” əsərindən erməni etirafları ilə üst-üstə düşən bir fikrini xatırlatmaq yerinə düşər. O, yazıb ki, “...ermənilərin özlərinin xalq musiqisi yoxdur” (“Moskva xəbərləri”, 1896). Bu cür saysız-hesabsız erməni etirafları barədə ətraflı məlumatları Kamran İmanovun Azərbaycan, rus, ingilis, fransız və türk dillərində çapdan buraxılmış “Erməni yadelli nağılları” (“Armyanskiye inarodnıye skzaki”) kitabından əldə etmək olar”.

Agentlikdən bildirilib ki, erməni əqli mülkiyyət oğurluğu yalnız Azərbaycan musiqisini, rəqslərini və mahnılarını əhatə etmir: “Onlar böyük formada əsər yaradarkən də Azərbaycan əsərlərinə müraciət ediblər. Məsələn, erməni bəstəkarı A. Tiqranyan özünün “Anuş” operasında klassik Azərbaycan muğamlarını təkrarlayıb və bunlar haqqında rus tənqidçisi Q. Xubov öz fikirlərini səsləndirib. 1948-ci ildə “Anuş” baleti Bakıda oynanılarkən operanın müəllifi A. Tiqranyan maraqlı bir fikir söyləyib: “Mən neçə vaxtdan bəri ürəyimdə saxladığımı bu gün açıq etiraf etmək istəyirəm: sizə məlum olduğu kimi, mənim ilk erməni opera əsərim olan “Anuş”un əsl səbəbkarı yanımda əyləşən sevimli dostum Üzeyir Hacıbəyovdur. 1908-ci ildə Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasını dinlədikdə, o qədər ruhlandım, o qədər vəcdə gəldim ki, özüm də opera yazmaq fikrinə düşdüm”. Təsadüfi deyil ki, “Almast” operasının müəllifi A. Spendiyarov da “Novruz ərəbi”, “Heydəri” Azərbaycan xalq melodiyalarından və Ü. Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyasının mövzusundan istifadə edib. A. Spendiyarov Krım torpağında doğulub və uşaq yaşlarından türk musiqisi ilə əhatə olunub. Onun yaradıcılığında türk-Azərbaycan melodiyası üstünlük təşkil edirdi. Bəstəkarın qızı xatırlayır ki, “...atası hələ Krımda olarkən tar və kamança xalq musiqi alətlərində çalmağı bacaran marinist İ. Ayvazovskidən türk melodiyalarını ifa etməyi xahiş edərdi. İ. Ayvazovski böyük həvəslə erməni, tatar və başqa motivləri çalırdı, Spendiyarov isə acgözlüklə onları yazıya köçürürdü. O, xalq melodiyalarında əks olunmuş türk musiqisinin necə dərin köklərə malik olduğunu başa düşürdü”. A. Spendiyarov yaradıcılığını təhlil edən S. Ginzburq “Sovet musiqi ədəbiyyatı”nda (M., “Muzıka”, 1970) yazırdı: “... türk-Azərbaycan musiqi ənənələrinin əksini tapdığı “Krım eskizləri”, “Üç palma”, “Şərq beşiyi”, “Tatar mahnısı” və Spendiyarovun digər əsərləri Lyadova israr etməyə imkan verdi ki, onun musiqisi türk-Azərbaycan mənbələrindən bəhrələnir. A. Xaçaturyan da bir bəstəkar kimi Azərbaycan muğamlarının spesifik xüsusiyyətini qavramağı yaxşı bacarmışdı. “SSRİ xalqlarının musiqi tarixi”ndə (c.3, M.,1972) çox dəqiq göstərilir ki: A. Xaçaturyanın “Qayane” əsərində “xalq musiqisi yalnız folklordan alınmış mövzularda səslənmir. Bu musiqi baletin bütün partiturasına, bəstəkarın bütün şəxsi orijinal mövzularına daxil olub. Məsələn, xalq nümunələrinə çox yaxın olan “Armenin rəqsi”, “Karen və Nunenin rəqsi”, “Erməni-kürd rəqsi”, “Qılınclarla rəqs”, “Ləzginka” kişi rəqsləri; adajio və Qayane beşik mahnılarını göstərmək olar...”. Əvvəllər yazılmış “Xoşbəxtlik” baletindəki ən yaxşı nömrələr “Qayane”yə daxil edilib. Bunları İ. Proxorov və Q. Skudina “Sovet musiqi mədəniyyəti” əsərində yazıblar və xüsusi qeyd ediblər ki, “Qayane” baletində erməniləşdirilmiş “Şalaxo” və “Uzundərə” Azərbaycan rəqslərindən də geniş istifadə olunub. Bunu aydınca sezən rus tənqidçisi Q. Xubov yazırdı ki, “Xaçaturyan da hamı kimi, sadə oxşatmadan başlayıb” (Q. Xubov “Aram Xaçaturyan”). Əslən Tiflisdən olan A. Xaçaturyanın özünün isə belə bir etirafı var: “Mən erkən uşaq yaşlarımdan çoxlu sayda erməni və Azərbaycan mahnılarını bilən anamın oxumağını eşitmişdim. Sonralar mənim musiqi zövqüm və biliklərim nə qədər dəyişsə və təkmilləşsə də, uşaqlıq dövrümdə xalq incəsənəti ilə canlı ünsiyyətdən qavradığım ilkin milli əsas sonrakı yaradıcılığım üçün təbii bir mənbə olaraq qalıb”. Keçmiş ənənələrinə sadiq qalan ermənilər son vaxtlar Azərbaycan musiqisini erməni nümunələri kimi rəqəmli yazı formasında da yaymağa başlayıblar. Onlar bu məqsədlə ayrı-ayrı ölkələrdə xüsusi səsyazma studiyaları yaradırlar. Hələ bir neçə il əvvəl Rusiya ərazisində Azərbaycan musiqilərini erməni nümunələri kimi yazıb yayan “Ani-Rekords” adlı səsyazma studiyası fəaliyyət göstərirdi. Studiyanın “erməni rəqsləri” kimi təqdim etdiyi rəqslər sırasına digər milli rəqslərimizlə yanaşı “Uzundərə” də daxil edilmişdi. Müəllif Hüquqları Agentliyinin səyləri nəticəsində Rusiyanın müvafiq dövlət orqanı “Ani-Rekords”un fəaliyyətini dayandırdı və lisenziyasını ləğv etdi. Studiyanın rəsmi rəhbəri X. Avedyan Rostovda çıxan “Yeddinci paytaxt” qəzetində dərc etdirdiyi “izahatı”nda Azərbaycan musiqisi ilə bağlı söylədiyi bir fikri xatırlatmaq yerinə düşər: “...mən haradan bilim ki, o, erməni musiqisi deyil, onu həmişə bizdə çalırlar.” Qeyd edilən faktlardan göründüyü kimi, erməni plagiatçılığı məqsədyönlü şəkildə ardıcıl olaraq həyata keçirilən bir “siyasət”dir. Rusiyanın "1-ci kanal"ında yayımlanan “Jitğ zdorovo” verilişində “Uzundərə” Azərbaycan rəqsinin erməni rəqsi kimi təqdim olunması da ermənilərin əqli mülkiyyət oğurluğunun davamıdır. Bununla əlaqədar Müəllif Hüquqları Agentliyi Rusiyanın "1-ci kanal"ının rəhbərliyinə və müvafiq beynəlxalq strukturlara rəsmi etirazını bildirəcək”.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri