Qaraqan: Sürdüyün maşın sənə hörməti və şəxsiyyətinə ciddi münasibəti artırır

Qaraqan: Sürdüyün maşın sənə hörməti və şəxsiyyətinə ciddi münasibəti artırır Avropada ilk operalar qoyulanda biz hələ də xoruz döyüşdürürdük


Live.az verdiyi xəbərə görə, Oxu.Az Elxan Zeynallı (Qaraqan) ilə eksklüziv müsahibəsini təqdim edib.


- “Möhtəşəm maşın” şousunda söyləmişdiniz ki, tamaşaçıları şou əhlinin daxili dünyası yox, yalnız qalmaqal, ədəbsiz və mənasız zarafatları maraqlandırır. Sizin fikrinizcə, bu fikrin formalaşmasında kim günahkardır: tamaşaçılar və ya sənətkar özü?

- Təbii ki, tamaşaçıların özü. Hər bir xalq özü öz seçimini edir, mədəni və mənəvi dəyərlərindən tutmuş adi məişət qanunlarına qədər. Bizim tamaşaçılarımız minilliklər boyu qalmaqalı sevib. Avropada ilk operalar qoyulanda biz hələ də xoruz döyüşdürür, it boğuşdururduq. Xalqın ziyalıları da bunu deməkdə çəkinməməlidir, necə həkim orqanlara diaqnoz qoyur, eləcə də biz öz aşağı və səviyyəsiz cəhətlərimizi üzə çıxarmalıyıq ki, onlardan qurtula bilək.

- Sizin fikrinizcə, “Möhtəşəm Maşın” şounun iştirakçılarından kimlər şouda qalib gəlmək üçün öz insani dəyərlərini tapdalayırlar?

- “Möhtəşəm Maşın” şouda bir çox iştirakçıların, nəinki bir, hətta üç maşını var. Bəziləri artıq beşinci maşınını dəyişir. Burda qəbahət yoxdur. Varlığa nə darlıq?! Halal xoşları olsun, amma qəribəsi odur ki, bu insanlar daha bir maşın üçün niyə bu qədər aşağı enməyə hazırdırlar? Axı maşın bu günümüzdə nəqliyyat vasitəsi yox, artıq status göstəricisidir. Sürdüyün maşın sənə hörməti və şəxsiyyətinə ciddi münasibəti artırır. Ona görə çox adam daha yaxşı maşın almaq istəyir. Yaxşı, əgər yaxşı maşını status və hörmət üçün alırıqsa onda efirdə niyə özümüzü bu qədər gözdən salaq? Onda borca düşüb aldıqları bütün maşınlar, villalar deməli hamısı puça gedir. Çünki hörmətlərini ilk cəhdlə tullamağa hazırdırlar.

- “Möhtəşəm Maşın” şounun iştirakçıları nə qədər səmimidir və hansı “maskalar” taxırlar?

- Mənə deyirdilər ki, “Maşın” şou dəhşətli bir testdir. Ora gedən insanlar həyəcan və basqı altında dəyişir. Maşının kənarında dayananda bütün iştirakçılar başqa cürə olurlar. Amma mən gedib gördüm ki, “Maşın” şou heç kəsi dəyişmir, əksinə hər kəsi olduğu kimi göstərir. Yenə şükürlər olsun ki, xalqımız doğrudan da pisi yaxşıdan, həqiqini saxtadan ayıra bilir. Orada elə adamlar var ki, uzun illərdir “maska”larını heç üzlərindən çıxarmırlar ki, birdən təsadüfən çıxarsalar özlərini tanımayıb diksinərlər.

- Sosial şəbəkələrdə sənətkarlarla yanaşı çoxlu sayda tamaşaçı da sizə dəstək olub və olurlar. Bunu nə ilə əlaqələndirirsiniz?

- Bunu onunla əlaqələndirirəm ki, bizim insanlar doğrunu görə bilir. Bəlkə dilimiz o qədər iti deyil və arada susuruq, bəlkə qulaqlarımız yaxşı eşitmir və bizə deyilən məsləhətlərin çoxuna əməl etmirik, bəlkə ayaqlarımız da zəifdi, ədalətsizlik görəndə tərpənə bilmirik. Amma Allaha and olsun ki, gözlərimiz hər şeyi görür.

- “Möhtəşəm Maşın” şouda iştirak etmək sizə nə qazandırdı və ya nəyi öyrətdi?

- “Maşın” şou qeyri-adi bir şoudur. Əslində, iştirak etməyimə səbəb də elə onun digər səviyyəsiz verilişlərdən fərqlənməsidir. “Maşın” şouda bir həftə, sosiologiya fakültəsində 4 il oxumağa bərabərdir. Cəmiyyəti anlamaq üçün bundan gözəl şou ola bilməzdi. Mənim üçün bir yazıçı kimi bu, ideal bir laboratoriya idi.

- Siz hal-hazırda şouda iştirak edənlər arasında kimin qalib olmasını istərdiniz və kimə dəstək verirsiniz?

- Dəqiq ad çəkməyəcəm, amma meyarlarım var. Görün onlara kim uyğun gəlir? Heç olmasa həyatında 10 bədii əsər oxumuş, heç olmasa bir xarici dildə danışa bilən, heç olmasa ölkəmiz üçün bu gün də olmasa, gələcəkdə az da olsa inkişafına təkan verə bilən, öz mənəvi və daxili dəyərlərini qoruyan, ailə tərbiyəsi görmüş və qələbəni biclik və yaltaqlıqla deyil, strategiya və diplomatiya ilə qazana və ən əsası, bu avtomobili şəhər daxilində 60 km saatdan sürətli sürməyən, digər insanların, piyadaların həyatına təhlükə yaratmayan bir adama qismət olsun.

- Bildiyimiz kimi, “Möhtəşəm Maşın” şounun iştirakçılarından olan Günel Hümbətova ilə yaxın münasibətiniz yaranıb və Günel xanım aparıcı olmaqdan əlavə, həmçinin müğənnilik fəaliyyəti ilə də məşğul olub. Yaxın gələcəkdə sizin birgə layihələriniz gözlənilirmi?

- Güneli “Maşın” şouya qədər tanımırdım. Necə ki bir çox digər iştirakçıları. Günel məni öz cəsarəti ilə həqiqətən təəccübləndirdi. Mən ondan mənimlə şoudan çıxmasını istəməsəm də o, bu addımı atdı. Yaşının az olmasına baxmayaraq ağıllı və dərrakəli qızdır. Mahnı oxumasını bilmirəm, amma təbii ki, xoş olardı. Hər halda əminəm ki, hansı işin qulpundan yapışsaq, yarı yolda atıb gedənlərdən deyil.



Qaraqan: Sürdüyün maşın sənə hörməti və şəxsiyyətinə ciddi münasibəti artırır
Qaraqan: Sürdüyün maşın sənə hörməti və şəxsiyyətinə ciddi münasibəti artırır
Qaraqan: Sürdüyün maşın sənə hörməti və şəxsiyyətinə ciddi münasibəti artırır
Qaraqan: Sürdüyün maşın sənə hörməti və şəxsiyyətinə ciddi münasibəti artırır
Qaraqan: Sürdüyün maşın sənə hörməti və şəxsiyyətinə ciddi münasibəti artırır
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri