Azərbaycan prezidenti Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb
- 26.12.2013, 19:21,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan prezidenti İlham Əliyev Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb.
APA-nın məlumatına görə, Bakı şəhərində yerləşən Böyükşor gölünün istifadəsi və mühafizəsi sahəsində idarəetmə İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilib.
İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırılıb ki, gölün (onun mühafizə zonasının) bərpa edilməsini (o cümlədən göldə (onun mühafizə zonasında) mövcud olan istehsalat və məişət tullantılarının kənarlaşdırılmasını), mühafizəsini, ekoloji vəziyyətinin yaxşılaşdırılmasını və gələcəkdə ondan səmərəli istifadə olunmasını təmin etsin, habelə qorunub saxlanılmasına nəzarəti həyata keçirsin.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə gölə (onun mühafizə zonasına) tullantı sularının axıdılmasının qarşısının alınması üçün zəruri tədbirlər görmək tapşırılıb.
Gölə (onun mühafizə zonasına) istehsalat və məişət tullantılarının atılmasının, gölün səthinin azalmasına səbəb olan kənar yerlərdən torpaq qruntunun daşınması və yayılmasının qarşısının alınmasını təmin etmək Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək.
Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi gölə aid bütün sənədləri və digər məlumatları bir ay müddətində İqtisadiyyat və Sənaye Nazirliyinə təhvil verməlidir.
Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.