Azərbaycanın 13 kommersiya bankı «Zolotaya Korona»dan imtina edib

Azərbaycanda 13 kommersiya bankı Rusiyanın «Zolotaya Korona» pulköçürmə sistemi üzrə göstərdiyi xidmətləri dayandırmaq qərarına gəlib.

APA-nin «Xalq Bank» ASC-yə istinadən verdiyi məlumata görə, bankların birgə qəbul etdiyi bu qərara əsasən, artıq yanvar ayının 15-dən bu pulköçürmə sistemi üzrə xidmətləri dayandırır.

«Zolotaya Korona» sistemi ilə əməkdaşlığı dayandıran Azərbaycan Beynəlxalq Bankı, «Xalq Bank», «Kapital Bank», «Bank Standard», «Bank Technique», «Bank Respublika», «Unibank», «Dəmirbank, «Muğan Bank», «Bank of Baku», «AtaBank», «Accessbank» və «Bank of Azerbaijan»dır.

Məlumata görə, belə bir qərar bankların «Zolotaya Korona» sistemi vasitəsilə həyata keçirdiyi əməliyyatların aşağı gəlirliliyi və əməkdaşlıq səmərəliliyinin az olması ilə bağlıdır. Bankların «Zolotaya Korona» sistemi ilə 2013-cü il ərzində davam edən danışıqları müsbət nəticələnməyib və bu səbəbdən banklar adıçəkilən sistem üzrə xidməti dayandırmaq qərarını vermək məcburiyyətində qalıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri