Azərbaycanlılar "Yeni il"i qeyd etməyə hansı ölkələrə üz tutub?

Həyat tərzi Yeni il xarici ölkələrdə daha təmtəraqlı və maraqlı qeyd edilir. Bəlkə də bu, onların təklif etdiyi xidmətlər və bu xidmətlərə görə tələb olunan qiymətlərin daha münasib olması ilə əlaqədardır. Yerli turizm obyektlərinin hazırladığı yeni il şou proqramlarında yüksək qiymətə rast gəlsək də, keyfiyyət yüksək olmur. Yeni il gecəsini daha maraqlı və ailə büdcəsinə qənaət etməklə necə keçirmək olar. Gəlin qiymətlərlə tanış olaq!

Paytaxtda istirahətin qiyməti daha bahadır. Bəzi otellərdə günlük istirahət qiymətləri xarici ölkələrdəki həftəlik istirahət qiymətlərindən də yüksəkdir. Turizm üçün əlverişli olan bölgələrdə də vəziyyət heç də paytaxtdan fərqlənmir. Elə bu səbəbdəndir ki, vətəndaşlarımız xaricə üz tuturlar.

Avropa ölkələrində Yeni ili qeyd etmək istəyənlər ən azı 1 ay əvvəldən ciblərinə münasib yerləri müəyyən edib bron etməlidirlər. Otellər iki ay əvvəldən yeni il tur paketlərini ölkələrdəki turizm şirkətlərinə göndərməklə daha çox turist cəlb edirlər. Həmçinin turist cəlbi üçün onlar sosial şəbəkələrdə və internet portallarında video çarxlar da yerləşdirirlər.

Bütün bunlara baxmayaraq, bu otellərdə qiymətlər daha münasib olur. Hətta ölkə daxilində müqayisə edilməyəcək dərəcədə.

Turizm Agentliyinin nümayəndəsi Pərviz Qasımov: “Azərbaycan otellərini, yəni paketlərini hesablasaq digər xarici ölkə səyahət paketlərindən dəmək olar ki, iki dəfə fərqlənir. Yəni, baha qiymətlə müşahidə olunduğuna görə, yəni, Azərbaycan otellərində istirahət etmək elə də rentabelli deyil”.

30-31 dekabr və 1 yanvar tarixlərində ölkəmizdə olan ümumi otəllərin qiyməti 2 gecə 3 gün üçün 380 -1800 manat arasında dəyişir. Bu qiymətə isə xarici turizm obyektlərinin təklifləri və xidmətləri daha cəlbedicidir.

Yerli turistlərin ən çox üz tutduğu Birləşmiş Ərəb Əmirliyindəki otellərin qiyməti 2 gecə 3 gün olmaqla 275-2700 manat, Türkiyədə bayram keçirmək istəyənlər üçün 200-600 manat, Gürcüstanda isə daha ucuz 180-400 manat arasında dəyişir.

Təklif olunan bu qiymətlərə isə gün ərzində 3 dəfə yemək də daxil edilib. Bundan başqa həmin otellər daha çox turist cəlb etmək üçün xüsusi endirimli paketləri də təklif edirlər. Məsələn, Birləşmiş Ərəb Əmirliklərinə 1 ay əvvəldən satılan tur paketin qiyməti aviabilet də daxil olmaqla 300-350 manat arasında dəyişib.

Şərhlər
Sosial bölməsinin xəbərləri