Azərbaycanda əsas meşə ağaclarının cinslərinin adları açıqlanıb

Azərbaycan meşələrinin əsas ağac cinslərinin adları açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən xəbərə görə, Azərbaycanda əsas meşə əmələ gətirən ağac cinslərinə fıstıq (Faqus), vələs (Carpinus), palıd (Quercus) və digərləri aiddir.

Fıstıq (Faqus) Azərbaycan meşələrinin 31,7%-ni təşkil edir və Böyük və Kiçik Qafqaz, eləcə də Talış dağlarının orta və yuxarı qurşaqlarında geniş yayılıb.

Vələs (Carpinus) meşələrin 26%-ni təşkil edir. Əsasən Böyük və Kiçik Qafqaz, eləcə də Talış dağlarının aşağı orta və yuxarı dağ qurşaqlarında geniş yayılıb.

Meşələrin 23,4%-ni təşkil edən palıd (Quercus) Böyük və Kiçik Qafqaz, Talış dağlarının aşağı, orta və yuxarı dağ qurşaqlarında, eləcə də Tuqay meşələrinin tərkibində geniş yayılıb. Azərbaycanda uzunsaplaq, şabalıdyarpaq , aran və s. növləri var.

Digər cinslər isə meşələrin 18,9%-ni təşkil edir. Bura cökə, Şərq çinarı, ağcaqayın, ardıc, Eldar şamı, qızılağac, şabalıd, göyrüş və digər ağac növləri aiddir.
Şərhlər
Sosial bölməsinin xəbərləri