Fransa mətbuatında Nizami Gəncəvi haqqında məqalə dərc olunub

Fransa mətbuatında Nizami Gəncəvi haqqında məqalə dərc olunub Fransanın Elzas regionunun ən nüfuzlu gündəlik mətbuat orqanlarından biri olan "Elzasın Son Xəbərləri" qəzetində jurnalist Yürgen Tonun Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş və Strasburqun tarixi Reyn sarayında təqdim olunan sərgiyə dair "Dahi Nizami Gəncəvi" başlıqlı məqaləsi çap olunmuşdur. Bu barədə Trend-ə çərşənbə günü Azərbaycanın Avropa Şurası yanında Daimi nümayəndəliyindən məlumat verilmişdir.
Jurnalist məqalədə "XII və XXI əsrləri birləşdirən universal körpü : Nizami Gəncəvi yaradıcılığı (1141-1209)" adlı sərginin Heydər Əliyev Fondunun təşkilatçılığı ilə təşkil edildiyini qeyd edir və sərgidə şairin "Xəmsə"sinin motivləri əsasında çəkilmiş illüstrasiyaları əks etdirən xalçaların, habelə gündəlik məişət əşyalarının, gümüş məmulatları və fiqurların, o cümlədən şairin doğulub boya-başa çatdığı Gəncə şəhərinin qədim görüntülərinin və müasir fotolarının nümayiş etdirildiyini diqqətə çatdırır.

N.Gəncəvinin yaradıcılığının heyrətamiz müasirliyini qeyd edən məqalə müəllifi hələ XII əsrdə azadlıq, bərabərlik, qardaşlıq, dini azadlıq və.s. kimi dəyərlərin onun əsərlərinin əsas mövzularından biri olduğunu vurğulayır.

"N.Gəncəvinin əsərlərində ifadə olunan mənəvi dəyərlər Azərbaycan xalqının milli kimliyinin tərkib hissəsini təşkil edir. Onun yaradıcılığı bizim düşüncə tərzi və mənəvi konseptlərimizi çox yaxşı ehtiva edir" - deyə məqalədə Daimi nümayəndəliyinin mədəniyyət işləri üzrə əməkdaşı Azər Məhərrəmliyə istinadən qeyd edilir.

Məqalədə, habelə bildirilir ki, əsrlərdən süzülüb gələn bu düşüncə tərzinin nəticəsi olaraq, Azərbaycanda gender bərabərliyinin Konstitusiyada təsbit olunmuş və Azərbaycanın 1920-ci ilədək davam edən qısa müstəqillik dövründə müsəlman Şərqinin qadınlara səsvermə hüququnun verdiyi ilk ölkəsi olduğu vurğulanmışdır.
Bundan əlavə, müəllif N.Gəncəvi yaradıcılığının Azərbaycanın istər orta, istərsə də ali təhsil ocaqlarında tədris olunduğunu diqqətə çatdırır, onun əlyazmasının bir nüsxəsinin Strasburq Mərkəzi kitabxanasında saxlandığı və əsərlərinin bir çox xarici dillərə, o cümlədən fransız dilinə tərcümə olunduğu haqqında məlumat verir.

"Sərgiyə gələn insanları heyrətləndirən əsas məqam N.Gəncəvi yaradıcılığının müasirliyidir. Bu, Azərbaycanın qədim İpək yolunun üzrəində yerləşməsi ilə də bağlıdır. Çünki həmin yolla Şərqlə Qərb arasında müsiqi, fəlsəfi ideyalar və ədəbi əsərlər mübadilə olunmuşdur" - deyə məqalədə deyilir.

Məqalədə A.Məhərrəmlinin fikrinə təkrarən istinad olunur: "N.Gəncəvi dühası dahi Avropa yazarlarının yaradıcılığına təsir etmişdir. Onun təkcə bir ifadəsi İpək yolunun ruhunu tam mənası ilə ifadə edir: "Bizim qapımız digər insanlara və mədəniyyətlərə okean kimi həmişə açıq qalmalıdır. Müxtəlif mədəniyyətlərə mənsub olan insanların təmaslarına imkan verən hazırkı qloballaşma dövründə bu sözlər dərin müasirliyi və aktuallığı ilə seçilir".

Daha sonra məqalədə qeyd olunur ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun məqsədi ölkəmizi dünyada tanıtdırmaqla yanaşı, Azərbaycanın dünya mədəniyyətinə verdiyi töhfəni də diqqətə çatdırmaqdır.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri