Azərbaycanda külək və Günəş enerjisinin əldə edilməsi üçün perspektivli ərazilərin adları açıqlandı

Azərbaycanda külək və Günəş enerjisinin əldə edilməsi üçün perspektivli ərazilərin adları açıqlandı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu ölkədə külək və Günəş enerjisinin əldə edilməsi üçün perspektivli sayılan ərazilərin adlarını açıqlayıb.

İnstitutun direktor müavini Elbrus Əlizadə Trend-ə deyib ki, Azərbaycanda külək və Günəş enerjisindən istifadə üçün baza var.

Onun sözlərinə görə, ölkədə külək enerjisindən istifadə üçün perspektivli sahələr Xəzərin Şabrandan Sumqayıta qədər olan sahil zonası (sahildən təqribən 40-50 metrədək olan məsafə), Qobustan, Abşeron yarımadası və Naxçıvan Muxtar Respublikasıdır. Lənkəran tərəfdə isə külək enerjisinin əldə edilməsi üçün mövcüd olan imkanlar adı sadalanan ərazilərə nisbətən azdır: "Digər zonalarda da potensial var. Amma ilk növbədə Böyük Qafqazın cənub-şərq yamacında yaxşı imkanlar var. Həmin ərazilər də Quba-Xazmazdan keçməklə Şamaxı, Mərəzə, Qobustan tərəfdir".

E.Əlizadə bildirib ki, adalar daxil olmaqla, Xəzərin özü və sahil zonası da külək enerjisi ehtiyatı olan zonalardır. Həmin ərazilərdə çox böyük külək ehtiyatları var.

Onun sözlərinə görə, Kür-Araz ovalığının bütün ərazilərində, Abşeron, Qobustan və Naxçıvan Muxtar Respublikasında Günəş enerjisi əldə etmək üçün çox yaxşı potensial imkanlar mövcuddur. Burada günəşli günlərin sayının artdığını deyən E.Əlizadə qeyd edib ki, Abşeron, Qobustan və Naxçıvan Muxtar Respublikasında günəşli günlərin sayı ildən asılı olaraq 250-300 gün olur. Bu isə o deməkdir ki, həmin ərazilərdə ilin əksər günlərində Günəş batareyalarından istifadə etmək olar.

İnstitutun direktor müavini qeyd edib ki, hazırda Coğrafiya İnstitutu tərəfindən Günəş batareyalarının yerləşdirilməsində relfeyin təsiri və xüsusiyyətləri öyrənilir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri