Dünyanın tanınmış şahmatçıları Vüqar Həşimovun vəfatı ilə bağlı başsağlığı veriblər
- 13.01.2014, 14:09,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanlı qrossmeyster Vüqar Həşimovun Almaniyanın Heydelberq klinikasında 28 yaşında dünyasını dəyişməsi şahmat dünyasını sarsıdıb.
APAnın məlumatına görə, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) rəsmi saytı başsağlığı yayıb, tanınmış zəka sahibləri Avropa çempionumuz barədə xatirələrini bölüşüb.
Azərbaycan şahmatının yetirməsi, sabiq dünya çempionu Harri Kasparov Həşimovun ölümünü ağır itki adlandırıb: “27 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən mənim bakılı həmkarım, qrossmeyster Vüqar Həşimovun dostlarına və ailəsinə başsağlığımı çatdırıram. Onunla heç vaxt görüşməmişəm. Həşimov dünyanın ən güclü “onluğuna” daxil olmuşdu və bu, onun sağlamlıq problemlərini nəzərə almaqla xüsusilə qeyd edilməlidir. Çox təəssüflənirəm”.
Erməni qrossmeyster Levon Aronyan da təəssüfünü ifadə edib və bu itkinin bütün şahmat ailəsinə pis təsir etdiyini deyib: “Çox üzücü xəbərdir. Azərbaycanlı idmançılardan eşitmişdim ki, Vüqarın sağlamlığı ilə bağlı ciddi problemi var. Lakin istənilən halda, insan bu yaşda, özü də istedadlı şahmatçı rəhmətə gedirsə, bu, çox acıdır. Onun ölümü mənim üçün çox kədərlidir”.
Dünya reytinqində birinci olan norveçli qrossmeyster Maqnus Karlsen isə bildirib ki, Həşimov indiyədək qarşılaşdığı ən istedadlı şahmatçılardan biri idi: “Vüqar Həşimovun ölüm xəbərini eşidəndə çox kədərləndim. O, qarşılaşdığım ən istedadlı şahmatçılardan biri idi. Həmişə hamıya qarşı mehriban, üzügülər olub. Birgə iştirak etdiyimiz yarışlardan xüsusilə “Amber” turniri haqda çoxlu xatirələrim qalıb. Onun ailəsinə və Azərbaycanın bütün şahmat ictimaiyyətinə başsağlığı verirəm”.
Qeyd edək ki, Həşimovun ölümü ilə bağlı komanda yoldaşları, tanınmış şahmatçılardan Hikaru Nakamura, Pavel Elyanov, Naycel Şort, Yan Nepomnyaşiy, Nataliya Poqonina, Yenena Danielyan, Maksim Vaşyer-Laqrav, Sergey Karyakin, Aleksandra Kostenyuk və digərləri qrossmeysterin ölümünə kədərləndiklərini bildiriblər.