Bakı Dəniz Limanının ərazisi yaxın aylarda tamamilə boşaldılacaq

Bakı Dəniz Limanının ərazisi yaxın aylarda tamamilə boşaldılacaq Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində inşa olunan yeni Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisi iki mərhələdə aparılır.

Layihənin birinci mərhələsinin bu il, ikinci mərhələsinin isə 2015-ci ildə yekunlaşdırılması nəzərdə tutulub. Birinci mərhələdə bərə terminalı bütün yol infrastrukturu ilə birgə istismara verilməlidir. Bunu APA-ya açıqlamasında Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin memarı Nazim Mahmudov bildirib.

Onun sözlərinə görə, iyun ayının 30-a qədər hazırkı Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə bağlı olan bütün infrastruktur ərazidən köçürülməlidir. Bundan sonra isə Milli Parkın genişləndirilməsi işlərinə başlanılacaq.

Layihə memarı bildirib ki, Xəzərdə ən böyük bərə terminalı Azərbaycana məxsusdur və sahəsi 400 ha təşkil edir: «Hazırda ərazidə 24 saat iş gedir. Eyni zamanda, layihədə nəzərdə tutulmuş dörd yük körpüsü və bərə terminalında «ro-ro» tipli gəmilərin qəbulu üçün nəzərdə tutulmuş körpü, eləcə də anbarlar, dəmir və avtomobil yollarının tikintisi işləri aparılır. Bərə terminalının bu ilin birinci yarısında hazır olmasını hədəf götürmüşük. Bərə terminalı hazır olduqdan sonra, burada iki iri gəmi qəbul etmək mümkün olacaq».

N.Mahmudov körpülərin ümumi uzunluğunun 650 metr olacağını bildirib. Memar deyib ki, burada əsas diqqət çəkən məqamlardan biri də konteyner terminalının işlənilməsidir: «Əgər SSRİ dönəmində yüklər açıq şəkildə daşınırdısa, indi konteynerlərə üstünlük verilir. Bu məqsədlə birinci mərhələ üçün 40 min konteyner nəzərdə tutulub. Bundan başqa, bu mərhələdə 10 mln. ton yük daşınması planlaşdırılır. Layihənin mərhələləri icra olunduqca, yüklər də artırılacaq».

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksində gömrük və sərhəd xidməti bölmələri də yaradılacaq. Ərazidən daşınan yüklər bu xidmətlərin nəzarətindən keçəcək.

Qeyd edək ki, liman kompleksinin tikintisi çərçivəsində ərazidəki dəmir yolunun da bərpası nəzərdə tutulub. Limanın daxilində 11 yoldan ibarət olan 1 stansiya tikiləcək. Ərazi üzrə olan digər dəmir yolları isə bərpa olunacaq. Qatarlar limana Əsas Ələt və Təzə Ələt (İran istiqamətindən) adlanan ərazilərdən daxil olacaqlar.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi artıq qonşu və digər xarici ölkələrin marağına səbəb olub. Qazaxıstan 20 mln. ton yükün daşınması üçün müraciət edib. Həmçinin, Türkiyə və BƏƏ-dən (Dubay) liman vasitəsilə yüklərin daşınması üçün maraq göstərilir.

Bundan başqa qeyd olunur ki, bu ildən etibarən liman kompleksinin ərazisində iri logistika mərkəzinin tikintisinə başlanılacaq.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri