Azərbaycanı "Eurovision 2014"də təmsil etmək iddiasında olan ifaçılar üçün super kastinqlərə başlanıb
- 16.01.2014, 17:55,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Yanvarın 15-dən etibarən Azərbaycanı "Eurovision 2014" mahnı müsabiqəsində təmsil etmək iddiasında olan ifaçılar "Böyük səhnə" layihəsinin super kastinqlərində yarışmağa başlayıblar.
İctimai Televiziyanın (İTV) İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu mərhələdə bölgələr və paytaxt üzrə keçirilən ilkin dinləmələri uğurla başa vuran şəxslər yenidən səs və səhnə imkanlarını nümayiş etdirirlər.
Bu dəfə onlar peşəkarlardan ibarət münsiflər heyəti qarşısında çıxış edəcəklər. Müsabiqədə 16 yaşdan yuxarı ifaçılar yarışır. "Böyük səhnə" layihəsinin əsas şousuna vəsiqə qazanacaq şəxslər məhz bu mərhələdə müəyyən olunacaqlar. Ümumilikdə 7 həftə davam edəcək “Böyük səhnə” layihəsi çərçivəsində tamaşaçılara iki fərqli, rəngarəng və dinamik yarımfinal və final şouları da təqdim ediləcək. Layihənin qalibi, yəni Azərbaycanın "Euovision 2014" mahnı müsabiqəsində təmsilçisi isə martın ikisində müəyyən olunacaq. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən "Böyük səhnə" televiziya müsabiqəsi gənc istedadların peşəkar fəaliyyəti istiqamətində əhəmiyyətli olacaq. Yanvarın 27-dən etibarən İTV-nin efirində kastinqlərin və ümumilikdə müsabiqənin gedişatı ilə bağlı silsilə verilişlərin yayımına başlanılacaq.