Alessandro Safinanın Bakıda keçiriləcək konsertinin repertuarı açıqlanıb

İtaliyanın dünya şöhrətli opera və estrada müğənnisi Alessandro Safina fevralın 21-də Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış edəcək.

APA-nın xəbərinə görə, A.Safina Bakıda təşkil olunacaq ilk konsertində hitə çevrilmiş və müxtəlif ölkələrdə sevilən mahnılarını ifa edəcək. Müğənninin iki saatadək davam edəcək konsertində “Incanto”, “Memories”, “Luna”, “Besame Mucho”, “La Nave Va”, “Al Di La” və digər məşhur ifaları səslənəcək.

Qeyd edək ki, erkən yaşlarından musiqini öyrənməyə başlayan Alessandro Safina 17 yaşında Florensiyada konservatoriyaya daxil olub və Avropanın müxtəlif ölkələrində məşhur operalarda əsas partiyaları ifa edib. O, klassik və populyar musiqi janrlarını birləşdirməklə sənətdə “opera roku” adlandırılan yeni üslub yaradıb. Müğənni dünyanın ən məşhur konsert salonlarında - Mantovadakı “Teatro Bibiena”da, Londondakı “Barbican Hall”da və digərlərində çıxış edib. “Luna” sinqlının yer aldığı diski isə dünyada milyonların qəlbini fəth eləyib.

A.Safinanın konsertinin biletləri yanvarın 23-dən satışa çıxarılacaq. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından almaq mümkündür.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri