"Nərgiz" nəşriyyat evi fəaliyyətini genişləndirəcək

"Nərgiz" nəşriyyat evi fəaliyyətini genişləndirəcək "Nərgiz" nəşriyyat evinin fəaliyyəti və gələcək layihələrinə həsr edilmiş təqdimat keçirilib. APA-nın xəbərinə görə, bununla bağlı keçirilən mətbuat konfransında çıxış edən "Nargis" jurnalının baş redaktoru Ülviyyə Rəhmanova əvvəlcə nəşriyyat evi barədə məlumat verib. O bildirib ki, nəşriyyat evi 2012-ci ilin avqust ayından fəaliyyətə başlayıb. Jurnalın beş istiqaməti var: dəb, incəsənət, həyat tərzi, gözəllik və sağlamlıq, şəxsiyyətlər.

Ü. Rəhmanova deyib ki, jurnalı nəşr etməyə başlayanda onun bütün kateqoriyadan olan insanlar - gənclər, yaşlı nəsil üçün maraqlı olmasını qarşıya məqsəd qoyublar. Nəşrin "Şəxsiyyətlər" rubrikasında tanınmış insanlar, onların həyatı barədə maraqlı yazlar dərc olunur.

Ü. Rəhmanova "Nərgiz" nəşriyyat evinin fəaliyyətini genişləndirdiyini vurğulayıb. Onun sözlərinə görə, artıq “www.buro247.az” saytı Azərbaycan dilində fəaliyyət göstərir və gələcəkdə ingilis və rus dillərində də yaradılacaq: "Biz kiçik sorğu keçirdik və nəticələr göstərdi ki, gənclərin çoxu Salvador Dali, Jaklin Kennedi, Qreys Kelli kimi şəxsiyyətləri tanımırlar. Bunun əsas səbəbini müvafiq məlumatların Azərbaycan dilində olmamağında görürəm. İnanıram ki, "Nargis" jurnalı gələcəkdə Azərbaycan dilində də nəşr olunacaq".

Bundan əlavə, Ü. Rəhmanova qeyd edib ki, fevralın 23-də Tiflisdə "Nərgiz welcome to Georgia" adlı layihəsi təqdim olunacaq. Tədbirdə Azərbaycan və Gürcüstan modelyerlərinin birgə dəfiləsi keçiriləcək, jurnalın təqdimatı olacaq və sonradan jurnal bu ölkədə satılmağa başlanacaq.

Ü. Rəhmanovanın sözlərinə görə, "Nərgiz" nəşriyyat evi genişlənmək, yeni layihələr həyata keçirmək fikrindədir və bu istiqamətdə təcrübəli, peşəkar jurnalistlərlə əməkdaşlıq ediləcək: "Biz jurnalistlərə əməkdaşlıq təklif edirik. Bizə Azərbaycan, rus və ingilis dilini bilən jurnalistlər lazım olacaq. Bu il jurnalistlər üçün müsabiqə keçirəcəyik. Jurnalistlər öz rezümesini və məqalələrini bizə təqdim edəcəklər. Onlar həmçinin öz ideya, fikir və təkliflərini verə bilərlər. Tək jurnalistlər deyil, dizayn, nəşriyyat biznesində çalışan hər kəs bu müsabiqəyə qatıla bilər. İlin sonunda beş nəfər Avropa və Rusiyada keçiriləcək treninqlərdə iştirak imkanı qazanacaq. Bütün bu insanlar gələcək layihələrimizdə “Nərgiz” nəşriyyat evinin əməkdaşı kimi çalışa bilərlər".
Şərhlər
Sosial bölməsinin xəbərləri