24 yaşlı Lamiyə Əliyeva Yuotube-də yayılan "cin çıxarılma" videosu ilə son günlərin müzakirə obyektinə çevrildi.
Lamiyə BBC-yə müsahibəsində "cin çıxarılma" əməliyyatında hüquqlarının pozulmadığını, bu hərəkətləri özünə qarşı zorakılıq hesab etmədiyi, əksinə ona çox böyük kömək olunduğunu bildirib.
Lamiyə Əliyevanın ötən həftə ANS telekanalında yayımlanan “Adam içində” verilişindən sonra ailəsilə birgə evlərin birində Vüsal Mərdinli adlı cin çıxaranın ondan "cin çıxarıldığını" iddia edən görüntülərdə, qardaşı tərəfindən əlləri sıxılmış vəziyyətdə saxlanmış Əliyevanın özünü "cin çıxaran" elan etmiş Vüsal Mərdinli tərəfindən əllə vurulduğu və bir neçə kibrit yandıraraq onun bədənində söndürüldüyü təsvir olunur. Qızı müalicə etdiyini deyən Vüsal Mərdinli isə iddia edir ki, o, "xüsusi rituallardan" istifadə edib. “O varlıq (cin) onunla mübarizə aparandan qorxmalıdır”, Mərdinli görüntülərdəki hərəkətləri belə izah edib.
Lamiyə Əliyeva isə videolarda yayılmış hadisə zamanı özündə olmadığını desə də, ona qarşı edilmiş zorakı sayılan hərəkətlərdən narahat deyil. “Kibrit çöpü yandırılması çıldağdı. İstəyir qardaşım məni başdan-ayağa yandırsın, bircə mənim dərdim üstümdən getsin", deyir Lamiyə.
Hazırda Vüsal Mərdinlinin evində "seans" üçün qaldığını deyən Lamiyə Əliyeva hüquqlarının pozulmadığını bildirir. “Niyə hüququm pozulur? Hüququn pozulması falan hamısı boş şeydir, gercək nə varsa o çıxdı ortaya”.
“Üzdən uşağa oxsatsalar da, 24 yaşım var” deyən xanım Əliyeva BBC Azərbaycancaya bildirib ki, hazırda özünü sağlam hiss edir. Youtube şəbəkəsində zorakı hərəkətlərin göstərildiyi video yayılmazdan əvvəl özəl ANS telekanalında yayımlanmış verilişdə qeyri-adi hərəkətlər etmiş Lamiyə Əliyeva həmin veriliş zamanı "xəstə" adlandırılmasından narazıdır.
“Hmm.. Epilepsiya xəstəsi? Əgər mən xəstə olsaydım, indiyə qədər mənə vurulmayan dərman, iynə olmayıb, getmədiyim həkim olmayıb, sağalardım da... Dəli deyiləm, dəlixanaya düşməmişəm", - Lamiyə Əliyeva deyir.
Özünü Lamiyənin qardaşı kimi təqdim edən və qızın efirdə görünməyinə icazə verdiyini deyən şəxsin sözlərinə görə, bacısında 13 yaşından bəri “epilepsiya kimi izah edilən göz qıcolması, dilin qatlanması və əllərin- qolların yığılması” kimi hallar olub. Həmin şəxs bildirib ki, bacısının vəziyyəti mistika ilə əlaqəlidir, yəni xanımın bədəninə “cin girib”.
Verilişi izlədikdən sonra, könüllü olaraq gənc qızı "müalicə etdiyini" deyən Vüsal Mərdinli BBC Azərbaycancaya bildirib ki, o, xüsusi elm sayılan “eksorsizm” ritualları ilə qızdan “cin çıxarıb”.