İran prezidenti Davos Forumunda çıxış edib

“Dünyada heç bir dövlət hesab edə bilməz ki, onun gücü tükənməz olacaq. Qloballaşma göstərir ki, biz hamımız bir “qayıq”da üzürük”.

APA-nın məlumatına görə, bu barədə İran İslam Respublikasının prezidenti Həsən Ruhani Davosda keçirilən Dünya İqtisadi Forumda çıxış edərkən deyib.

İran iqtisadiyyatının gələcək planlardan danışan prezident bildirib ki, İranın potensialı və gücü ölkəyə yaxın 30 il ərzində 10 ən güclü iqtisadiyyat arasında olmağa imkan verəcək: “İqtisadi siyasət sosial aspektləri nəzərə almalıdır. Üstəlik, beynəlxalq əməkdaşlıq olmadan bu cür məqsədlər əlçatmaz olacaq. Biz xarici siyasətimizi iqtisadi uğurlara yiyələnmək üçün istifadə edəcəyik. İran bütün qonşu dövlətlərlə sosial-iqtisadi əlaqələri inkişaf etdirmək istəyir. İstənilən sanksiyalar isə vəziyyəti mürəkkəbləşdirir”.

H.Ruhani əlavə edib ki, İranın Avropa və ABŞ ilə əlaqələri normallaşmağa doğru və yeni fazada irəliləyir. Ölkənin nüvə proqramı barədə danışan prezident bildirib ki, İranın təhlükəsizlik strategiyasında nüvə silahlarına yer yoxdur: “İran heç kimə qarşı təcavüz etməyib. Lakin ölkəmizə hücum olunsa, biz cavab verməyə hazırıq”.
Şərhlər
Dünya bölməsinin xəbərləri