Rəsmi Ankara Türkiyəyə səfəri zamanı Fransua Ollanddan Dağlıq Qarabağ probleminin həllinə dəstək istəyəcək
- 23.01.2014, 16:27,
- Siyasət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Fransa Prezidenti Fransua Ollandın Türkiyəyə səfəri zamanı Dağlıq Qarabağ probleminin həlli məsələsi də müzakirə ediləcək. Bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.
Səfir qeyd edib ki, Fransua Ollandın Türkiyəyə səfəri zamanı ikitərəfli münasibətlərin inkişafı məsələləri, habelə Avropa İttifaqı-Türkiyə əlaqələri müzakirə ediləcək: "Fransa Türkiyənin köhnə müttəfiqi, dost kimi gördüyü önəmli Avropa ölkəsidir. Lakin təəssüf ki, Fransa yaxın keçmişdə Türkiyənin Avropa İttifaqına üzvlük məsələsində müsbət rol oynamayıb. Ümidimiz odur ki, aramızdakı əlaqələrdə daha önəmli inkişaf əldə olunsun. Bu baxımdan Avropa İttifaqına tam üzvlük müddəti ilə əlaqədar Fransanın daha konstruktiv mövqeyə yönləndirilməsi gözlənilir".
Türkiyəli diplomatın sözlərinə görə, Fransa liderinin Türkiyə Prezidenti və Baş naziri ilə görüşləri zamanı Dağlıq Qababağ probleminin həlli məsələsinə də toxunulacaq. "Biz sadəcə, Fransa ilə deyil, bütün dünya ölkələri ilə münasibətlərimizdə hər zaman Dağlıq Qarabağ məsələsini ən önəmli məsələ kimi qaldırırıq. Əgər bizim iki milli mübarizəmiz varsa, bunlardan biri Şimali Kipr, digəri Dağlıq Qarabağ məsələsidir. Bu mövzu mütləq müzakirə olunacaq".
Səfir bildirib ki, bu məsələnin müzakirəsi zamanı Azərbaycanın ərazi bütövlüyünün təxirə salınmadan bərpasının vacibliyi önə çəkiləcək: "Bu məsələdə Fransanı daha güclü şəkildə rol oynamağa təşviq edəcəyik. Bu bölgədə Azərbaycanın nümayiş etdirdiyi fövqəladə inkişafın, Azərbaycan, Türkiyə və Gürcüstanın birlikdə gördüyü bütün işlərin regionu tam təsiri altına alması üçün, yəni, Ermənistanın da bundan kənarda qalmaması üçün Ermənistanın da sağlam məntiqlə hərəkət etməsinin lazım olduğunu, onun işğalçı siyasətdən imtina edərək beynəlxalq hüquqa uyğun şəkildə hərəkət etməsinin vacibliyini bir daha onların diqqətinə çatdıracaq və bu məsələdə Fransanın önəmli ola biləcək dəstəyini istəyəcəyik".
Qeyd edək ki, Fransa Prezidenti Fransua Olland türkiyəli həmkarı Abdullah Gülün dəvəti ilə yanvarın 27-28-də Türkiyədə səfərdə olacaq. Bu, son 22 il ərzində Fransa Prezidentinin Türkiyəyə ilk səfəri olacaq.