Bakıda sökülməkdə olan binanın uçması ilə bağlı cinayət işinin istintaqı Nərimanov Rayon Prokurorluğundan alınıb

Bakıda sökülməkdə olan beşmərtəbəli binanın uçması ilə bağlı başlanmış cinayət işinin istintaqı Nərimanov Rayon Prokurorluğundan alınıb.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, həmin cinayət işinin istintaqı Bakı şəhər Prokurorluğunun istintaq idarəsində davam etdiriləcək.

Qeyd edək ki, yanvarın 25-də Bakı şəhəri, Nərimanov rayonunda hazırda yaşayış olmayan, sökülməkdə olan beşmərtəbəli bina uçub və yaxınlıqda olan avtomobilin üzərinə tökülüb. Nəticədə avtomobillərdən birin içərisində olan, 1992-ci il təvəllüdlü Bayramlı Cavid Ədalət oğlu və 1988-ci il təvəllüdlü Ələkbərov Asiman Salman oğlu vəfat ediblər.

Hadisə ilə bağlı dərhal Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri